Üz dərisinin ev şəraitində dərin TƏMİZLƏNMƏSİ
Dərinin dərin təmizlənməsi - bir neçə etaplı prosesdir. Dərin təmizlənmə müvafiq tələbat yarandıqda və dərinin tipindən asılı olaraq həyata keçirilir.
Redaktor.az xəbər verir ki, Quru dəriyə nisbətən yağlı dərinin dərin təmizlənməsi daha tez-tez aparılmalıdır.
Dərinin dərin təmizlənməsinə efir yağları, dəniz duzları və ya otlar ilə hazırlanan buxar vannaları ilə başlamaq olar. Quru dəri bu üsulla ayda bir dəfə olmaqla, yağlı dəri isə ayda iki dəfə olmaqla təmizlənə bilər. Dərinin buğa verilməsi dərini müxtəlif çirklənmələrdən, sızanaqlardan, ölmüş hüceyrələrdən təmizləyir. Dərinin buğa verilməsi zamanı qan damarlarının genişlənməsi nəticəsində yerli qan dövranının yaxşılaşması, tər və piy vəzilərinin fəaliyyətinin normallaşması, dəridə mübadilə proseslərinin yaxşılaşması baş verir. Nəticədə dəri təmiz və hamar olur, sağlam şəkil alır. Yadda saxlamaq lazımdır ki, dərinin buğa verilməsi prosesini çox ehtiyatla aparmaq lazımdır! Dərinin yüksək həssaslığı və ya məsaməliliyi, həmçinin üzdəki damarların xroniki genişlənməsi zamanı dərinin buğa verilməsi məsləhət görülmür. Yaşı 30-dan artıq olan qadınlarda da dərinin buğa verilməsindən tez-tez istifadə etmək olmaz. Bu yaşda olan qadınlarda dəri özünün təbii elastikliyini itirməyə başlayır, həmçinin damarlar daha pis daraldığı üçün üz dərisinin qızarması baş verə bilər.
Dərinin buğa verilməsindən əvvəl, onu kosmetik südlə əsaslı şəkildə makiyajdan və çirklənmələrdən təmizləmək lazımdır. Yağlı dərini lasyonla silmək olar. Göz qapaqları dərisinə krem sürtmək lazımdır. Əgər dəri qurudursa, bütün üz dərisinə nazik qatla yağlı krem sürtün.
Sonra termosda 2 litr qaynar suda 2 xörək qaşığı quru çobanyastığı və ya adaçayı çiçəkləri (quru dəridə daha çox nanə (yarpız) və ya cökə ağacının çiçəyi məsləhət görülür) dəmləyin və bir neçə dəqiqədən sonra dəmləməni geniş ləyənçəyə tökün. Daha sonra ləyənçənin üstündə əyilərək başınızı dəsmalla örtün və bir neçə dəqiqə bu vəziyyətdə oturun. Quru dərisi olanlarda dərinin buğa verilməsi prosesi 2-3 dəqiqə, qarışıq tipli dərisi olanlarda 5 dəqiqəyədək, yağlı tipli dərisi olanlarda 10 dəqiqəyədək davam edir. Bu proseduradan sonra dərinizi yumşaq quru salfet ilə yüngülcə qurulayın.
Əgər hər hansı bir səbəblərə görə dərinizin buğa verilməsi sizə əks göstərişdirsə, bu halda ilıq kompreslərdən (38-42o C) istifadə edə bilərsiniz. İlıq kompres ilkin olaraq təmizlənmiş dəriyə 4-5 dəqiqə ərzində olmaqla qoyulur.
Dərinin buğa verilməsi və ya ilıq kompres qoyulması proseduradan (və ya duş, vanna qəbul etdikdən) sonra dərinin pilinqi və ya skrabla təmizlənməsi prosedurası aparılır.
Skrablardan istifadə edilməsi vacib hesab edilir. Çünki dəri hüceyrələri daimi olaraq təzələnir. Köhnə, ölmüş hüceyrələr xaric edilmədikləri halda üzün səthində yığılıb qalır. Tədricən dəri səthində başdan-başa ölmüş hüceyrə pulcuqlarından ibarət təbəqə əmələ gələ bilər. Nəticədə dəri kifayət qədər oksigen ala bilmir, boz, qeyri-sağlam şəkil alır, onun üzərindəki məsamələr bağlanaraq sızanaqların, civzələrin və digər iltihab ocaqlarının əmələ gəlməsinə səbəb olur.
Əlbəttə ki, biz üzümüzü yuduqda, təmizləyici vasitələrdən istifadə etdikdə ölmüş dəri hüceyrələri pulcuqlarını bir qədər yusaq da, bu, dərinin onlardan tam təmizlənməsi üçün kifayət etmir.
Dərinin skrablardan istifadə edilməsi ilə aparılan dərin təmizlənməsindən sonra dəridə maddələr mübadiləsi bərpa edilir, dəri daha çox miqdarda oksigen alır, daha yumşaq və hamar olur. Nəzərə almaq lazımdır ki, skrablardan çox tez-tez istifadə etmək olmaz. Çünki bu zaman dəri getdikcə qurumağa başlayır, onun qıcıqlanması və müxtəlif infeksiyalardan qorunma qabiliyyətinin zəifləməsi baş verir.
Əksər kosmetoloqlar hesab edirlər ki, quru dərisi olanlar skrablardan 2-3 həftədən bir, yağlı dərisi olanlar isə həftədə bir dəfə olmaqla istifadə etməlidirlər. Əlbəttə ki, hər şey insanların fərdi xüsusiyyətlərindən, həyat tərzindən, iş şəraitindən, ilin fəslindən və digər faktorlardan asılı olur. Yay aylarında skrablardan daha tez-tez (quru dərilər üçün həftədə bir dəfə, yağlı dərilər üçün isə həftədə iki dəfə) istifadə etmək olar. Yadda saxlamaq lazımdır ki, yağlı dəri üçün nəzərdə tutulan skrab yalnız bu tip dəridə effekt verərək, quru dəridə isə qıcıqlanmaya səbəb ola bilər! Həssas və çox quru və nəmliyini xeyli dərəcədə itirmiş üz dərisi üçün üzərində xüsusi qeyd olan vasitələrdən istifadə etmək məsləhət görülür. Skrabın əsas tərkibi xırdalanmış ərik tumlarından və ya döyülmüş qoz qabıqlarından ibarətdirsə, belə skrab yağlı dəri üçün istifadə edilə bildiyi halda, quru dərilərdə istifadə edilə bilməz. Quru dəru üçün isə tərkibində plastik kürəciklər, dəniz duzları olan skrablar uyğun gəlir. Dəri məsamələri geniş olan yağlı dəri üçün, tərkibinin əsasını kosmetik gil təşkil edən skrabları seçmək tövsiyə olunur. Belə ki, bu skrabların tərkibində olan gil dəridəki məsamələri daraltmaq, dərinin yağlılığını və parıltısını azaltmaq xüsusiyyətinə malikdir.
Sızanaqları, kuperozu (dəridə ulduz şəkilli xırda damarlar) və digər dəri xəstəlikləri olan insanlar skrablardan istifadə etməməlidir - əks halda dəridəki həmin problemlər ağırlaşa bilər!
Heç bir halda bədən üçün nəzərdə tutulan skrablardan üzün dərisində istifadə etmək olmaz! Əks halda üz dərisinin zədələnməsi və qıcıqlanması baş verə bilər.
Sonradan evdən bayıra çıxmamaq şərti ilə, skrablardan axşam saatlarında duş qəbul etdikdən, dərini buğa verdikdən və ya dəriyə ilıq kompres qoyduqdan sonra istifadə etmək daha düzgün hesab olunur. Skrabı nəm və təmiz dəriyə yüngülcə (!!) masaj etməklə, quru dəriyə 1 dəqiqə, yağlı dəriyə isə 2-3 dəqiqə ərzində sürtmək, daha sonra isə ilıq su ilə yaxşı-yaxşı yumaq lazımdır. Skrab hər iki əlin şəhadət və orta barmaqlarının yumşaq ucları ilə masaj xətləri üzrə sürtülür. Heç bir halda skrabı göz ətrafına sürtməyin! Skrabdan istifadə etdikdən sonra dəriyə qidalandırıcı krem və ya maska sürtmək lazımdır. Skrablanmadan sonra dəri bu vasitələri çox yaxşı mənimsəyir.
Skrabları həm mağazalardan əldə etmək, həm də ev şəraitində hazırlamaq olar:
- Bir çay qaşığı narın duzu 1 çay qaşığı qida sodası ilə qarışdırın. Onu nəm əlinizlə götürərək, üzünüzün yaş dərisinə sürtməklə bir neçə dəqiqə ərzində masaj edin. Sonra üzünüzü ilıq su ilə yuyun.
- Təzə xiyarın qabığını soyaraq xırda-xırda doğradıqdan sonra onu sıxmaqla şirəsini ayırın. Sonra 1 xörək qaşığı yulaf yarması ("herkules") ununu 1 çay qaşığı xırda dəniz duzu ilə qarışdırın. Alınan qarışığı krem şəkilli forma alana qədər xiyar suyu ilə qarışdırın. Daha sonra üzərinə bir neçə damla qızıl gülün efir yağını əlavə edin. Alınan bu skrabı 1-2 dəqiqə ərzində üz dərinizə sürtün və 10 dəqiqə ərzində üzünüzdə saxlayıb yuyun. Bu skrab tərkibi quru dəri üçün nəzərdə tutulub.
- Qəhvə üyüdən maşında ayrı-ayrılıqda olmaqla düyü və qəhvə dənələri üyüdün. Alınan düyü ununu və üyüdülmüş qəhvəni, hərəsindən 1 çay qaşığı olmaqla, qarışdırın. Sizin üz dəriniz yağlı və ya qarışıq dəri tipinə aiddirsə, alınan qarışığı 2 xörək qaşığı kefir və ya yoqurtla durulaşdırın. Normal və quru dərisi olanlarda isə alınan düyü və qəhvə qarışığını süd və ya 1 xörək qaşığı xama ilə durulaşdırmaq lazımdır. Sonda alınmış tərkibi skrab şəklində üz dərinizə sürtərək 5-7 dəqiqə ərzində üzünüzdə saxlayın və sonra yuyun.
- Bir neçə üzüm meyvəsini qəhvə üyüdən maşında üyüdülmüş üzüm tumları ilə qarışdıraraq alınan tərkibi skrab şəklində üzün dərisinə sürtün və 10 dəqiqə üzünüzdə saxladıqdan sonra onu ilıq su ilə yuyun. Bu skrab nəinki təmizləyici, həmçinin cavanlaşdırıcı effekt də göstərir.
- İstənilən dəri üçün duz və şəkər tozu qarışığından hazırlanmış skrablardan istifadə etmək olar. Onların skrabın tərkibindəki nisbəti isə dəri tipindən asılı olaraq dəyişmiş olur. Bu skrab dərini cilalayaraq onu elastik (möhkəm) və sağlam edir. Duz və ya şəkər tozunu kosmetik südlə, xama, qaymaq, yağ və ya bal ilə qarışdırmaq olar. Duz-bal qarışıqlı skrablar həm üz, həm də bədən dərisi üçün (duş qəbul edərkən) daha xeyirli hesab edilir. Həssas dəri üçün duz və şəkər tozu qarışığından hazırlanmış skrablardan istifadə edilməsi məsləhət görülmür. Onların təsirindən dəridə qıcıqlanma yarana bilər.
- Qəhvə üyüdən maşında ərik tumlarını üyütdükdən sonra onu istənilən qidalandırıcı krem (dəri quru olanda) və ya nəmləndirici krem (dəri yağlı olanda) ilə qarışdırmaqla əla keyfiyyətli skrab əldə etmiş olarsınız. Onu soyuducuda saxlayaraq tələb olunduqca istifadə etmək olar.
- Qəhvə üyüdən maşında qurudulmuş limon (portağal, qreypfrut, mandarin və ya onların qarışığından da istifadə etmək olar) qabığını üyütdükdən sonra ondan 1 çimdik götürərək, onu əlinizdə azca isladın və üz dərinizə yüngül şəkildə sürtün.
- Giləmeyvələrdən hazırlanmış skrablardan, həssas dəridən savayı, istənilən dəri tiplərində istifadə etmək olar. Kiçik tumları olan (çiyələk, moruq) istənilən giləmeyvələri həmcins tərkib alınana qədər əzərək yungül masaj hərəkətləri ilə bir neçə dəqiqə ərzində dəriyə sürtmək, daha sonra isə üz dərisini yumaq məsləhət görülür. Meyvələrin tərkibində olan üzvü turşular dərini nəmləndirir, meyvə şirəsi isə dərini vitaminlərlə təmin edir. Dərinin skrabla təmizlənməsindən sonra dərinizdə yandırma-qıcıqlanma hiss etmiş olsanız və ya dərinizdə əmələ gələn qızartı bir neçə dəqiqədən artıq müddət ərzində qalmış olarsa, sonralar həmin tərkibli skrabdan təkrarən istifadə etməmək məsləhət görülür!