"İnsanlar nə qədər məmnun yaşasalar, stress də az olar" - Professor

 12:29 02.10.2024     388

Bir neçə gün öncə Cəlilabadda fizika müəllimi Əlizadə Əliyevin beyninə qan sızması nəticəsində ölməsi müəllimlərin ölüm hadisəsini bir daha gündəmə gətirdi. Cəmiyyətdə müəllimlərin ürək çatışmazlığı, beyinə qan sızma, infarkt kimi xəstəliklərdən dünyalarını dəyişmələri müzakirələrə səbəb olub. Onlar düşünür ki, müəllimlər arasına ölüm hallarının sayı artıb.

Məsələylə bağlı Redaktor.az-a danışan professor Adil Qeybulla müəllimlər arasında ölüm hallarının çoxalmasını real hesab etmədiyini dedi.

Onun sözlərinə görə, müəllim, həkim kimi peşə sahibləri tanınmış şəxs olduqlarına görə onların ölüm halları daha çox ictimailəşdirilir.

“Bununla bağlı real bir statistika yoxdur. Amma ümumiyyətlə hesab edirəm ki, insanlar cəmiyyətdə nə qədər məmnun yaşasalar, o qədər stress az olar. İnsanlar bəzən xolesterin artıqlığından, qan təzyiqindən əziyyət çəkirlər və buna heç əhəmiyyət də vermirlər. Təəssüflər olsun ki, bu da ölüm hallarına gətirib çıxarır. Araşdırsaq görərik ki, bu hadisələr tibbi məsələlərə çox bağlıdır. Yəni insanların özlərinə diqqət etməsi, həkimə getməsi, lazım olan dərmanları qəbul etməsi vacibdir. Bunlar vaxtında olmayanda bu cür problemlər yaranır”, - deyə A.Qeybulla vurğuladı.

Vasif ƏLİHÜSEYN