Telefondan istifadə uşaqlarda xərçəng yaradır? - Həkim AÇIQLADI

 17:47 02.10.2024     101

Təəssüf ki, bir çox valideyn uşağını sakitləşdirmək üçün onu ən kiçik yaşlarından etibarən telefona öyrəşdirir. Mobil telefonlardan çox istifadənin uşaqlar, eləcə də böyüklər üçün müəyyən fəsadları təbii ki, mövcuddur. Lakin bəziləri hesab edirlər ki, telefon şüası xüsusilə uşaqlarda onkoloji xəstəliklərə səbəb ola bilər.

Doğrudan da smartfonlar uşaqlarda xərçəngə gətirib çıxara bilərmi?

Bu barədə həkim-onkoloq Aliyə Aslanova Redaktor.az-a açıqlamasında bildirdi ki, bu, hələ öz təsdiqini tapmamış bir mövzudur və aktual olaraq da qalır:

"Burada iki kateqoriya var: birinci kateqoriyada telefonla çox danışanlar, ikinci kateqoriyada telefonla az danışanlar. Təbii ki, bu kateqoriyalara həm istifadəçi, həm də telefonla danışanlar aiddir. Məsələn, İsveçrədə bu qruplar arasında araşdırılma aparılıb və xərçəng xəstəliyi ilə bağlı heç bir nəticə alınmayıb. Buradan irəli gəlir ki, mobil telefonların buraxdığı radioloji freqans şüalar insan bədənində xərçəng hüceyrələrini yaratmaq üçün çox kiçik ölçüdədirlər və onların xərçəng yaratmaq riski yoxdur".

Həkim vurğuladı ki, telefonlardan istifadəni sadəcə olaraq psixoloji duruma görə uşaqlarda qadağan etmək vacibdir.

"Baş-beyin xərçəngi ilə bağlı araşdırmalar olub ki, məsələn, telefonla danışarkən radiofreqans şüaları beynimizə dalğa vasitəsilə keçir. Ancaq nəticədə həmin nahiyələrdə heç bir xərçəng hüceyrələri aşkarlanmayıb. Yəni araşdırmalar əsasında bu qənaətə gəlmək olur ki, telefonların şüaları xərçəng hüceyrələrini yaratmaq qabiliyyətində deyillər. Sadəcə beyin hüceyrələrində psixoloji pozğunluq yaranmasına səbəb ola bilər. Buna görə də çalışdığımız qədər uşaqları telefondan istifadədən yayındırmaq lazımdır", - deyə Aliyə Aslanova vurğuladı.

Sevinc İBRAHİMZADƏ