Alimlər autizmli uşaqların neyronlarında fərqliliklər aşkar etdilər

 23:45 09.10.2024     605

Roçester Universitetinin alimləri müəyyən ediblər ki, autizmli uşaqlarda beynin bəzi nahiyələrində neyronların sıxlığı ümumi əhali ilə müqayisədə fərqlidir.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "Autism Research" jurnalında dərc olunub.

Alimlər 9-11 yaş arası 11 mindən çox uşağın beyin skan məlumatlarını təhlil ediblər. Tədqiqat zamanı onlar autizmli 142 uşağın MRT görüntülərini sağlam könüllülərin diaqnostik nəticələri ilə müqayisə ediblər. Məlum olub ki, autizmdə beyin qabığının bəzi nahiyələrində neyron sıxlığının azalması müşahidə olunur.

Neyronlar sinir impulslarını yaradan və ötürən, həmçinin daxil olan məlumatları emal edən və saxlayan yüksək ixtisaslaşmış hüceyrələrdir.

Neyron sıxlığı azalmış bəzi sahələr yaddaş, öyrənmə, məntiqi düşünmə və problem həlli kimi funksiyalardan məsuldur. Tədqiqatçılar həmçinin autizmdə amigdala kimi digər bölgələrdə də neyronların sayının artdığını aşkar ediblər. Amigdala duyğuların formalaşmasında əsas rol oynayır.

Bundan əlavə, elm adamları autizmli uşaqlar və DEHB və narahatlıq pozğunluğu olan gənc iştirakçıların sinir görüntüləri arasında müqayisələr aparıbılar. Skan nəticələri oxşar fərqlər göstərib.

Tədqiqatçılar qeyd ediblər ki, tədqiqat MRT-dən istifadə edərək hüceyrə xüsusiyyətlərini öyrənmək üçün yeni neyroimaging üsullarından istifadə edib. Əvvəllər tədqiqatçılar yalnız ölümdən sonra sinir populyasiyalarında struktur fərqləri görə bilirdilər. Tədqiqatçıların fikrincə, belə texnologiyaların daha da inkişafı və neyronların strukturunda unikal kənarlaşmaların axtarışı zəruri terapevtik müdaxilələrin daha effektiv seçilməsinə imkan verəcək.

Turan İSMAYIL