"Hər 8 qadından biri olmamaq üçün vaxtında müayinə vacibdir" - Onkoloq

 18:03 18.10.2024     549

Ümumdünya Səhiyyə Təşkilatı 1992-ci ildən etibarən oktyabr ayını "Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı" elan edib.  Ölkəmizdə hər il bu ayda müxtəlif maarifləndirmə tədbirləri keçirilir, xəstəliyin qarşısının alınması üçün lazımi tədbirlərin vaxtında həyata keçirilməli olduğu vurğulanır. 

Bəs ən çox qadınlarda rast gəlinən süd vəzi xəstəlikləri kişilərdə də yarana bilər? Hansı amillər bu xəstəliyə səbəb olur və necə mübarizə aparmaq olar?

Mövzu ilə əlaqədar Redaktor.az-ın suallarına həkim-onkoloq Aliyə Aslan cavab verdi. 

O bildirdi ki, süd vəzi xərçəngi ən çox qadınlarda aşkar olunur, bu patalogiyanın yalnız 1%-i kişilərdir:

"Qadınların süd vəzilərində qlandulyar toxuma üstünlük təşkil etdiyi üçün bu xərçəng növü onlarda daha çox rast gəlinir. Əksərən xəstələnmələr sporadik meydana çıxır, amma anadangəlmə və qazanılma risk faktorları da mövcuddur. Döş xərçənginin inkişaf riski bir sıra amillərlə artır: yaş, piylənmə, alkoqolun zərərli istifadəsi, ailədə döş xərçəngi tarixi, radiasiyaya məruz qalma tarixi, reproduktiv tarix (məsələn, menstral  yaş və ilk hamiləlik yaşı), tütün istifadəsi və postmenopoz zamanı hormonal terapiya".

Onkoloqun sözlərinə görə, döş xərçəngi hallarının cins (qadın) və yaş (40 yaşdan yuxarı) istisna olmaqla, xəstəliyin inkişafı üçün digər aydın şəkildə müəyyən edilə bilən risk fatorlarına məruz qalmayan qadınlar da var:

"Profilaktik olaraq, hər bir qadın özününün ayda bir dəfə süd vəzlərini müayinə etməlidir. 40 yaş üstü qadınlar isə ildə bir dəfə mamoqrafiya müayinəsi olunmalıdır. Sağalmayla yanaşı, süd vəzisinin saxlanması və hər şeydən əvvəl həyat keyfiyyəti tibbi müalicənin əsas hədəfidir. Vaxtında edilən müayinə həyat qurtarır! Gəlin, birlikdə "HEÇ BİR QADIN SÜD VƏZİSİNİ İTİRMƏSİN" şüarı altında bu xəstliyə "YOX" deyək və hər 8 qadından biri biz olmayaq! Vaxtında edilən müayinə həyat qurtarır".

Sevinc İBRAHİMZADƏ