"Bu cür insanlar daim təsəvvürlərində kiməsə ziyan vermək, intiqam almaq istəyirlər" - Psixoloq
Ölkəmizdə demək olar ki, hər gün bıçaqlanma faktı qeydə alınır. İnsanlar asanlıqla bir-birinə xəsarət yetirə, canlarına qıya bilirlər.
Bəs cəmiyyətdə dayanmadan artan bu aqressiya nədən qaynaqlanır və bunun qarşısını necə ala bilərik?
Mövzu ilə əlaqədar psixoloq Gülər Məmmədova Redaktor.az-a açıqlamasında bildirdi ki, bəzi insanlar öz davranışlarında impulsivlik, həddindən artıq aqressivlik sərgiləyirlər. Bu da onların sinir sistemindəki pozuntu ilə əlaqədardır:
"Təhsilli, dünyagörüşü olan, psixikası tam sağlam olan şəxs hər hansı bir konflikt zamanı soyuq silaha əl atmamalıdır. Təbii ki, konflikt sözlü olaraq cərəyan edir, insanların münasibəti onların bir-birini anlaması, dərk etməsi ilə inkişaf edir. Amma bütün insanlar konfliktli situasiyaları eyni şəkildə həll edirmi? Xeyr. Çünki insanlarda qəribə bir impulsivlik müşahidə olunur.
Burada yaş həddinin də rolu var. Bıçaqdan istifadə edən insanların yaş həddi, kimliyi, psixokimyəvi quruluşu çox önəm kəsb edir. Çünki sağlam psixikası olan insan öz idrak proseslərinə sığınaraq baş vermiş hadisəni şiddətlə deyil, ağıl ilə adekvat və rasional şəkildə təhlil edir və psixoloji aspektdən rəylər verir. Bəzən qarşı tərəflə hətta sülh də imzalanır. Lakin bəzi hadisələr, doğrudan da, hüquq-mühafizə orqanları tərəfindən həll olunmalıdır, nəinki bıçaq yarası ilə".
Psixoloqun sözlərinə görə, bəzi insanların təsəvvüründə daim özünü nümayiş etdirmək, fərqli göstərmək konsepsiyası olduğu üçün onlar bıçaqlamaq, kiminsə canına xətər yetirmək cəhətdən çox rahat olurlar və bunu normal hesab edirlər:
"Təəssüf olsun ki, bu cür insanlar daim təsəvvürlərində kiməsə ziyan vermək, intiqam almaq istəyirlər. Bu aqressiyanın olmağına səbəb həmin insanların sağlam psixikasının olmamasıdır. Uşaqlıqda ailəsində sağlam mühitdə olmayan bəzi insanlar bu kimi davranışları sərgiləyirlər. Çünki tərbiyələri düzgün olmayıb və onlar bu tərbiyələri ilə boşluqlara yol verirlər. Konfliktlərə daxil olarkən çözüm yolu kimi, özünümüdafiə mexanizmi kimi bıçaqlamağı, qarşı tərəfi qorxutmağı, həyatını sonlandırmağı seçirlər. Bu da, təbii ki, yanlış bir addımdır. İnsan bir ömür özünü, həyatın ən gözəl çağlarını azadlıqdan məhrum edir. İnsanın psixikasında çatlar, şəxsiyyətində davranış pozuntuları var ki, bu kimi addımlara yol verir".
Sevinc İBRAHİMZADƏ