Antibiotiklərin effektivliyi sürətlə aşağı düşür - Həkimlər

 12:57 21.10.2024     454

Almaniyalı həkimlər ölkədə antibiotiklərin effektivliyinin sürətlə azalması ilə bağlı həyəcan təbili çalırlar.

Redaktor.az-ın məlumatına görə, yerli "Bild" qəzeti həkimlərə istinadən yazır ki, buna səbəb həkimlərin hələ də tez-tez onları təyin etməsi və alman turistlərin xaricə səfərlərdən özləri ilə yüksək səviyyədə antibiotik müqaviməti olan virusları gətirməsidir.

Alman Paul Erlich İnfeksion Terapiya Cəmiyyətinin (PEG) prezidenti Matias Ploetzin sözlərinə görə, antibiotiklərin effektivliyi getdikcə aşağı düşür. “Biz müasir tibbin nailiyyətlərini itirmək və penisilinin kəşfindən əvvəlki dövrə qayıtmaq ərəfəsindəyik”, - o deyib.

Universitet xəstəxanasının reanimasiya həkimi və professoru Jena Frank M. Brunkhorstun sözlərinə görə, antibiotiklərin effektivliyinin azalması onların hələ də çox tez-tez təyin olunması ilə bağlıdır. Bundan əlavə, alman turistlərin xaricə getməsi nəticəsində ölkəyə çoxlu davamlı mikroblar miqrasiya edir. “Xüsusən, Yunanıstan, Portuqaliya və Türkiyə kimi ölkələrdə, o cümlədən Hindistan və digər Asiya ölkələrində antibiotiklərə müqavimət həddən artıq yüksəkdir”, - ekspert qeyd edib.

Nəşr xatırladır ki, ötən əsrdə penisilinin ixtirası insan ömrünün kəskin - 30 il artmasına səbəb olub. Qəzetin mənbəyini dəqiqləşdirmədiyi son araşdırmaya görə, antibiotiklərə davamlı mikroorqanizmlərin törətdiyi infeksiyalar 2050-ci ilə qədər dünyada 39 milyondan çox insanı öldürə bilər.

Turan İSMAYIL