Kütləvi yayılan xəstəliklər peyvənd olunmamış körpələr üçün daha TƏHLÜKƏLİDİR
ABŞ və Avropada göy öskürək hallarının sayı artıb. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, göy öskürək hallarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, beş dəfə artaraq ölkə daxilində 18,500-ü keçib. Bu, 2014-cü ildən bəri ən böyük göstərici kimi qeyd alınıb.
Redaktor.az xəbər verir ki, göy öskürək yoluxucu bir infeksiyadır. Soyuqdəyməyə bənzər simptomlarla başlayır və zamanla şiddətli və uzunmüddətli öskürəyə səbəb ola bilər. Bu səbəbdən xəstəliyə “100 günlük öskürək” də deyirlər. Göy öskürəyin başlanğıcında burun axması, asqırma və yüngül qızdırma baş verə bilər. Xəstəlik irəlilədikcə şiddətli öskürəyə çevrilir. Bu da, əsasən, gecələr pisləşir.
Öskürək tutmaları zamanı tənəffüs çətinləşə və bəzi hallarda qusma da baş verə bilər. Peyvənd olunmamış və ya qismən peyvənd olunmuş körpələrin göy öskürəyə yoluxma təhlükəsi daha yüksəkdir.
Mütəxəssislər göy öskürəyin qarşısını almağın ən təsirli yolunun peyvənd olduğunu vurğulayıblar. Antibiotiklər göy öskürəyi müalicə etmək üçün istifadə olunur, lakin bu müalicə adətən xəstəliyin erkən mərhələlərində təsirli olur.
Alimlər COVID-19 pandemiyası zamanı göy öskürək hallarının əhəmiyyətli dərəcədə azaldığını müşahidə ediblər. Onlar bu azalmanı pandemiya zamanı görülən tədbirlərlə əlaqələndiriblər (sfera.az).