Qulaqlıqdan bu şəkildə istifadə edin, yoxsa... - Uzman doktordan XƏBƏRDARLIQ
Qulaqlıqlar artıq həyatımızın bir parçası olub desək, yanılmarıq. İctimai nəqliyyatda insanlara nəzər salsaq, onların bu aksesuardan istifadə etdiyinə şahid olarıq. Ancaq qulaqlıqlar insan səhhəti üçün zərərlidir. Buna qulaq, baş ağrısı və sair daxildir.
Mövzu ilə bağlı Redaktor.az-a danışan otorinolarinqoloq, uzman doktor Anar Əsgərov bildirdi ki, normadan yüksək səs səviyyəsində dinləmək qulaqlarda ciddi problemlərə yol aça bilər.
"Normal eşitmə mənfi 10 desibel ilə 25 desibel, yəni günlük danışma səsi aralığındadır. Bu aralığı dəyişən, keçən hər bir səs qulağa təsir göstərə bilər. Dünya Səhiyyə Təşkilatına görə, səkkiz saatdan çox 85 dsp üzərində səsə məruz qalmaq eşitmək itkisinə belə səbəb olur. Belə ki, iç qulaqdakı sinir uclarını zədələyərək, eşitmə itkisinə gətirib çıxarır. Nümunə göstərsək, hamımız toya, hər hansı bir məclisə gedirik. Burada müəyyən vaxtdan sonra artıq baş ağrıları yaranmağa başlayır. O cümlədən əsgərlərdə, hərbçilərdə baş verir, məsələn yanında odlu silahdan atəş açılır, partlayış baş verir. Bu vaxt onların qulaqları müəyyən müddət ərzində eşitmə qabiliyyətini itirir".
Həkimin sözlərinə görə, bu cür hallarla rastlaşmamaq üçün qulaqlıqlardan fasiləli şəkildə istifadə edilməlidir.
"Sağlığımızı qorumaq üçün ilk olaraq hər 30-45 dəqiqədən bir, əgər qulaqlıq istifadə ediriksə, ona fasilə verməyimiz lazımdır. Bu həm qulaqların dincəlməsinə həm də potensial zədələnmənin qarşısına keçilməsinə kömək edəcək. İkinci olaraq isə səs səviyyəsi az tutulmalıdır. Musiqi dinləyərkən, "podcast"lara qulaq asərkən, film, serial izləyərkən səs səviyyəsi yüzdə 60 faizin üzərinə çıxmamalıdır", - deyə Anar Əsgərov qeyd etdi.
Türkan İSGƏNDƏRLİ