Alkoqoldan imtina etdikdə bədəndə nə baş verir?
Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən olunacaq. Bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif edilən yeni maddədə əksini tapıb. Sözügedən qayda sırf arağa şamil edilib.
Bəs bu qaydalar nəyə əsasən qəbul edilir?
Bu barədə qida eksperti Fərid Səfərov Redaktor.az-a açıqlamasında bildirdi ki, saxta spirt istehsalında istifadə edilən metil spirti çox ucuz olduğu üçün işbazlar tərəfindən tez-tez istifadə olunur:
"Bu maddəni əldə etdikdən sonra normal spirtə qatırlar və çox təəssüf ki, istehlakçılar normal, əsl spirtin dadını saxta spirtdən ayıra bilmədiklərindən zəhərlənirlər. Bu, istənilən növ içkiyə aiddir. Belə hallardan qorunmaq üçün maariflənmək lazımdır, içkinin insan orqanizmi üçün nə qədər təhlükəli və ziyanlı olduğunu dərk etmək lazımdır.
Alkoqolun fiziki və zehni sağlamlığa, eləcə də gündəlik həyata və şəxsi münasibətlərə bir çox mənfi təsiri var. Bunlara depressiya, psixoloji problemlər, cinsi disfunksiya, sinir iltihabı aiddir. Alkoqolun mədəyə zərərli təsirləri arasında ezofagit və reflü xəstəliyi var. Bundan başqa, qaraciyər funksiyasının pozulması, yağlanma, hormonal pozğunluqlar, ürək xəstəlikləri, xərçəng, yoluxucu xəstəliklər də alkoqolun istehlakı ilə yarana bilir".
Ekspert qeyd etdi ki, alkoqoldan imtina etdikdə qısa müddətdə bədəndəki müsbət təsirləri görmək mümkündür.
"Belə ki, yuxu keyfiyyəti yüksələcək, dərinin sağlamlığı yaxşılaşır, insan daha gənc və canlı dəriyə sahib olur. Alkoqolun səbəb olduğu çəki artımı və qan şəkəri balanssızlığı aradan qalxacaq. İnfarkt riski azalır və ürək sağlamlığı qorunur. Əhval və düşüncə yaxşılaşır, balanslı və müsbət əhval-ruhiyyə yaranır, sosial münasibətlər yaxşılaşır. Eyni zamanda bu halda qaraciyərin sağlamlığı artacaq, immunitet sistemi güclənəcək, cinsi sağlamlıq yaxşılaşacaq. Ona görə də sağlam seçimlər edərək sağlam qidalanmaq, alkoqollu içkilərdən uzaq durmaq lazımdır ki, sağlamlığınız və canınız əldən getməsin!", - deyə F.Səfərov vurğuladı.
Sevinc İBRAHİMZADƏ