Xəstələnən şəxslər yataq rejiminə keçsin, uşaqlara bu dərman verilsin - Tanınmış həkimdən MƏSLƏHƏT
Havalar soyuduqca xəstəliklərin də sayı çoxalıb. Xüsusilə də soyuq hava şəraitində infeksion xəstəliklər insanlar arasında tez-tez müşahidə edilir.
Bəs xəstəliyə yoluxmamaq, həmçinin tez sağalmaq üçün hansı üsullardan istifadə etmək olar?
Bu barədə Redaktor.az-a danışan tibb eksperti, həkim Adil Qeybulla bildirdi ki, əslində, XXI əsr virus əsridir:
"Koronavirus pandemiyası göstərdi ki, biz hər bir sürprizə hazır olmalıyıq. Əvvəla, pandemiyadan sonra immun sisteminin xeyli zəiflədiyi hiss olunur. Çoxlu xəstəliklərin - autimon, xərçəng xəstəliyinin artması dinamikası hiss olunur. Bundan başqa, hər il olduğu kimi bu il də payız fəslində respirator virus infeksiyaların, soyuqdəymə xəstəliklərinin xüsusi çəkisi artıb. Bu il buna hələ davam edən koronavirusu da əlavə etmək lazımdır. Bundan başqa, rotaviruslar, enteroviruslar, diareya, qusmayla müşayiət olunan infeksiyalara da rast gəlinir. İnsanlar öz sağlamlıqları barədə diqqətli olmalıdırlar. Yaxşı olar ki, xəstələnən şəxslər yataq rejiminə keçsin və lazımi müalicələri alsın".
Həkim məsləhət gördü ki, uşaqlar xəstələndiyi halda onlara "Regidron" verilsin:
"Bu, duz məhluldur. Çünki uşaqların duz tutumu az olduğuna görə onlarda qıcolma ola bilər. Ona görə də ev şəraitində həkimə qədər uşaqlara "Regidron" vermək lazımdı. Digər qalan müalicələr isə həkim nəzarəti altında həyata keçirilməlidir".
Sevinc İBRAHİMZADƏ