Uşaqlar qripdən buna görə gec sağalır - Tanınmış həkim AÇIQLADI

 15:42 29.10.2024     4375

Havaların soyuması insanlar arasında xəstəliklərin artmasına səbəb olub. Bu hallara xüsusilə uşaqlar arasında rast gəlinir. Xəstəliyin əlamətləri isə, öskürək, yüksək temperatur, boğaz-qulaq ağrıları və digərləridir.

Bəs bu viruslar uşaqların canından niyə tez çıxmır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan həkim-pediatr Aytən İsmayılzadə bildirdi ki, buna səbəb uşaqların düzgün qidalanmamasıdır:

“Hazırda həmişə olduğu kimi yeni mövsüm xəstəlikləri virus xəstəliklərindəndir. Bunlar qrip, para-qrip, sensesial virus və başqalarıdır. Uşaqlarda və böyüklərdə yüksək hərarət sonra öskürək, zökəm əlamətləri baş ağrı, halsızlıq ola bilir. Öskürək ona görə uzun çəkir ki, hazırda uşaqların 90 faizi allergik fona malikdir. Yəni bu, qidalarla bağlıdır. Əsasən çoxusu süni qidalarla böyüyən uşaqlardır. Ümumiyyətlə, qidaların tərkibi təmiz deyil, kimyəvi qatqılıdır”.

Pediatrın sözlərinə görə, uşaqların müalicəsində antibiotik kimi aqressiv müalicələrdən uzaq durmaq lazımdır.

“Süni qidalar bədəndə zəhərlənməyə, toksiki yüklənməyə gətirib çıxarır. Bu da allergik fonu gücləndirir. Belə olduqda hər hansı bir virus, infeksiyasının sağalması çətin olur, insanda ağırlaşma gedir, immunitet zəif olur, əsasən də bağırsaq mühiti dəstəklənmir. Hazırda uşaqlarda sağlam qidalanmadıqlarına görə də immunitet zəif olur. Əksər vaxt antibiotik təyinatı qaçılmaz olur. Amma çalışırıq ki, bioloji müalicələrlə inteqrativ tibb üsulları ilə uşaqların müalicəsinə dəstək olaq. Antibiotik kimi aqressiv müalicələrdən uzaq qalaq”, - deyə Aytən İsmayılzadə bildirdi.

Türkan İSGƏNDƏRLİ