"İnsanın bunu bilməsi bəşərin nizamını pozur..." - İlahiyyatçı

 15:52 04.11.2024     442

Xəbər verdiyimiz kimi, İngiltərədə həkimlər xəstələrin ölüm tarixini hesablamaq üçün süni intellekt (AI) ilə işləyən "ölüm kalkulyatoru"ndan istifadə etməyə başlayacaqlar.

Bildirilir ki, texnologiyanın ilk tədqiqi üçün London xəstəxanalarında bir neçə yüz adam seçilib və gələcəkdə bu say daha da artırılacaq. Belə ki, adı çəkilən proqram aritmiya və ürək çatışmazlığı əlamətlərini tam təzahür etməzdən əvvəl müəyyən etmək üçün EKQ nəticələrini oxuyur, bundan sonra xəstənin risk səviyyəsinə əsaslanaraq illər üzrə təxmini rəqəm təqdim edir.

Məsələylə bağlı Redaktor.az-a danışan ilahiyyatçı Tural İrfan İdris peyğəmbərin vaxtında insanlara müəyyən qeybi bilmək üçün xüsusi qabiliyyətin verildiyini deyib.

Onun sözlərinə görə, bununla insanlar nə vaxt öləcəklərini biliblər:

“Sonra yolunu azmış qövmlər bundan sui-istifadə etməyə başladı. Belə ki, günah, küfr işlər görür, belə düşünürdülər ki, onsuz da tövbə qapısı açıqdır, eyş-işrətlə yaşayaq, ömrümüzün sonuna bir neçə ay, yaxud bir neçə gün qalmış da tövbə edib ibadət edərik. Nəticədə bu qeybi bilgidən bir-birilərinin ziyanına istifadə etməyə başladılar və Allah-təala bu qabiliyyəti insanlardan geri aldı. O şey ki, bilinmir, insan üçün qeybdir, o elə qeyb olaraq da qalmalıdır”.

Tural İRFAN - YouTube

T.İrfan deyib ki, vaxtilə ana bətnində olan uşağın cinsiyyətinin bilinməməsi də qeyb idi, amma müasir tibbdə bunu öyrənməyə başladılar və nəticəsi isə bir çox fəsadlara yol açdı:

“İndi kimin kefi istəmir qızı və ya oğlanı gedib götüzdürür. Beləcə, bəşərin nizamı pozulur. Vaxtilə Çin hökuməti siçanları kütləvi qırmışdı. Sonra həşəratlar əkin yerlərini məhv edərək illərlə məhsula ziyan vurdu. Yəni, Allahın xəlq etdiyi lazımsız şey yoxdur. Və nəyi insanlara bildirmirsə, demək o bilinməsə yaxşıdır. İnsanın ömrünün sonunu tibb və elm adamları nisbi olaraq müəyyən edə bilər. Amma bunu bəyan etmək böyük günahdır və fəsadlara səbəb olaraq, bəşərin nizamını pozacaq. Buna ehtiyac yoxdur. Hər bir halda dəqiq ola bilməz. Çünki dəqiq bilən Allahdır. Ömrü verən də alan da odur. İnsanın orqanizminə, yaşam tərzinə uyğun təxmini ehtimallar ola bilər. Birini yolda avtomobil vurub öldürür, onu necə hesablayacaqlar? Təbii ki, bu mümkün deyil. Birini elektrik cərəyanı vurur, biri ağacdan yıxılır ölür. Mütəxəssislər ancaq insanın bədən orqanlarının sağlamlıq dərəcəsinə görə, onların ömrünü müəyyən mənada hesablaya bilər. Fəqət tam ömrün sonunu dəqiq bilmək mümkün deyil. İrfan, təsəvvüf bilginləri, nisbi qeybə vaqif olan şəxslər də bunu bilsələr belə heç zaman açmayıblar. Çünki Allahın bildirdiyi bəndələr var ki, onlar Allahın izni ilə müəyyən pərdəarxası bilgilərə sahibdirlər. Fəqət açmırlar. Çünki pərdə arxası qeyb sayılır, mütləq qeybi bilən də yalnız Allahdır. Ona görə dahilər deyir ki, dinsiz elm kor, elmsiz din topaldır. Dinsiz elm kor olanda mənəviyyat olmur, əxlaq olmur. Kəşf edilənin bəşəriyyətə hansı ziyanının olacağı nəzərə alınmır. Orta əsrlərdə müsəlman alimləri indi kəşf olunan çox şeyi kəşf etmişdilər. Amma almırdılar. Çünki din izn vermirdi yaxud bəşəriyyət üçün təhlükəli idi, fəsad yarana bilərdi. Ona görə hər kəşf edilən şey faydalı deyil”.

Vasif ƏLİHÜSEYN