Qənirə Ataşovanın günahlandırdığı plastik cərrah danışdı: "Həkim kimi fəaliyyət göstərmirəm"
Son günlər saxta həkimlərlə mübarizə aparan Amerikada yaşayan jurnalist Qənirə Ataşova daha bir açıqlama yayıb.
Redaktor.az xəbər verir ki, o, Ülviyyə İlyasova adlı həkimin bir qadının ağır vəziyyətə düşməsində səbəbkar olduğunu iddia edib:
"Ülviyyə İlyasovanın qanunsuz apardığı cərrahi əməliyyat daha bir qadını ölümün pəncəsinə atıb. Noyabrın 14-də diplomu və tibbi təhsili olmayan Ülviyyə İlyasova qanunsuz şəkildə liposaksiya əməliyyatı həyata keçirilib. 1989-cu il təvəllüdlü, 35 yaşlı Bəsti Hacıyeva bu əməliyyatdan sonra ağır vəziyyətə düşüb. Ev şəraitində müalicə adı altında vəziyyəti daha da pisləşən Bəsti xanım bu gecə "Liv Bona Dea" Hospitalın reanimasiya şöbəsinə, septik-şok diaqnozu ilə yerləşdirilib. Bəsti xanımın bədənində geniş infeksiya ocaqları aşkarlanıb, qanı zəhərlənib və həyatı ciddi təhlükədədir. Onun sağalıb-sağalmayacağı hələ də bilinmir. Bu faciənin ən düşündürücü tərəfi isə Ülviyyə İlyasovanın heç bir tibbi təhsili olmamasına baxmayaraq, əməliyyat aparmağa davam etməsidir.
Ona belə əməliyyatları öyrədənlər isə Azərbaycan Tibb Universitetini bitirmiş, özlərinə "həkim" deyən, lakin bu kimi qanunsuz işlərə şərait yaradan şəxslərdir.Bir daha aidiyyəti qurumlara çağırış edirəm. Saxta sertifikatlarla fəaliyyət göstərən və qanunsuz tibbi əməliyyatlar həyata keçirən şəxslərin fəaliyyəti dərhal dayandırılmalıdır.Gənc qadınların həyatını məhv edənlər məsuliyyətə cəlb olunmalıdır. Bu kimi hallara şərait yaradan "həkimlər" də qanun qarşısında cavab verməlidir.
Bəsti Hacıyeva ilə bağlı vəziyyət bir cəmiyyətin vicdan məsələsidir. Gənc qadınların həyatına biganə qalmaq olmaz. Liposaksiya cihazlarını ölkəyə gətirənləri araşdırmaq lazımdır. Savadsız insanlara lazer aparatı kimi cərrahi aparatları paylayanlar kimlərdir?".
Həkim Ülviyyə İlyasova haqqında yayılan yalan xəbər barədə açıqlama verərək bildirib ki, bütün bu tənqidlər əsassızdır. O, Bəsti Hacıyeva adlı bir xəstəni tanımadığını bildirib. Ü.İlyasova bildirib ki, o ümumiyyətlə həkim kimi fəaliyyət göstərmir. O, eltisi vəfat edəndən sonra işindən öz istəyi ilə uzaqlaşdığını bildirib.
Bəsti Hacıyevanın bacısı Aynurə xanım bu məlumatı təsdiq edərək bildirib ki, Ülviyyə xanım onun bacısını əməliyyat etdirməyib.
Yekun olaraq Ülviyyə İlyasova ona atılan böhtanlardan dolayı polisə müraciət edəcəyini bildirib (milli.az).