"Şagird və tələbələr ancaq qiymət almaq üçün öyrənirlər" - Psixoloq DANIŞDI
Müasir həyat tərzinin gətirdiyi stress, sıxıntı, gərginlik insanların həyatına mənfi təsir göstərir. Bu da müxtəlif psixoloji və nevroloji problemlərə səbəb olur. Bunlardan biri də unutqanlıqdır. Yəni artıq bəzi insanların beyni yorğun və diqqəti o qədər əskik olur ki, ən kiçik informasiyanı belə uzunmüddət yadında saxlaya bilmir. Buna görə də çox vaxt xüsusilə də şagird və tələbələr əzbərləmək üsulundan istifadə edirlər.
Bəs məlumatı yaddaşda uzun müddət qorumaq üçün hansı üsuldan istifadə etmək olar?
Bu barədə NLP üzrə mütəxəssis, psixoloq Babək Bayramov Redaktor.az-a açıqlamasında bildirib ki, əsas məsələ insanın nəyə diqqət yetirdiyi və özü üçün maraqlı hesab etdiyidir:
"Əslində, əzbərləmənin heç bir faydası yoxdur, çünki əzbərlənilən bilik sadəcə imtahan üçün, dərsdən yaxşı qiymət almaq üçün və s. istifadə olunan yolaverici, müvəqqəti üsuldur. Öyrənmək isə bilikləri qavrama, mənimsəmə və həzmetmə deməkdir. Həmin bilikdən faydalanma məqsədilə onu mənimsəyir, özününküləşdirirsən. İnsanın nəyisə yadda saxlaması üçün onunla maraqlanması lazımdır, çünki diqqət etdiyin zaman onu öyrənməkdən ötrü öz daxili resurslarını səfərbər edərsən. Praktik həyatda işə yaramayan bilik lazımsızdır, bu uzunqulağı kitabla yükləməyə bənzəyir. Bu şəkildə olanda o, biliyi gəzdirir, amma fərqində olmur, faydalana bilmir”.
B.Bayramovun sözlərinə görə, insanlar öyrənmək üçün ilk növbədə həmin biliyin onlara nə verəcəyini bilməlidir:
“Bu gün, əsasən, şagird və tələbələrdə müşahidə olunur ki, sadəcə qiymət almaq üçün öyrənirlər və həmin informasiyanın həyati əhəmiyyətlərini çox dərk etmirlər. Buna görə də öyrənmək istədiyin şeyin sənə nə qatacağından əmin olmaq lazımdır. Yaddaşın bəzi informasiyaları qısamüddətli və ya uzunmüddətli yadda saxlaması üçün müəyyən yaddaş texnikaları var".
Sevinc İBRAHİMZADƏ