Bu qidalar uşaqlarda xərçəng riskini artırır - Pediatr
İnsanların artıq çəki alması, piylənməyə meyillənməsi, əslində, düzgün olmayan qidalanmadan və yaşam tərzindən xəbər verir. Bu cür vəziyyət son zamanlarda uşaqlar arasında da çox müşahidə olunur.
Pediatr Nigar Abdullayeva Redaktor.az-a açıqlamasında bildirib ki, bu problemin aradan qaldırılması üçün uşaqların daim müayinələrdən keçməsi vacibdir:
"Uşağın çəki-boy dəyərləri daim pediatr müayinəsində olmalı və dəyərləndirilməlidir. Xüsusi persentil cədvəllər olur ki, orada hər uşağın yaşına uyğun bu göstəricilər əks olunub. Piylənmənin səbəbi həm də irsi ola bilər və bir sıra endokrin xəstəliklərlə, hormonlarla əlaqədar ola bilər. Bunu öyrənmək üçün bir neçə analizlərə baxılır və ona uyğun olaraq valideynə tövsiyələr verilir”.
N.Abdullayeva məsləhətli uşaq qidalarından danışıb:
“Uşaqlar üçün evdə hazırlanan qidalardan istifadə olunmalıdır. Kartof frilər, hamburgerlər və bu cür fəstfud qidalar, qazlı və enerjik içkilərin istehlakı uşaqlar üçün yolverilməzdir. Bununla yanaşı, onlar konserogen qidalar olduğuna görə xərçəng riskini də artırır. Uşaqlarda meyvə-tərəvəzin, ət məhsullarının, süd məhsullarının istifadəsinə üstünlük verilməlidir. Karbohidrat üçün gərəkli olan çörəyin istehlak miqdarı da həddindən artıq olmamalıdır”
Pediatr onu da qeyd edib ki, uşaqların uzanıq vəziyyətdə televizor izləməsi, planşet və ya telefon istifadə etməsi onlarda hipodinamiya səbəbindən piylənmənin yaranmasına gətirib çıxarır:
“Bunun qarşısını almaq üçün valideynlər uşaqları müəyyən idmanlara qoya bilərlər. Bu mümkün olmadığı təqdirdə isə uşaqları gəzdirməyə çalışmalıdırlar. Xüsusən böyük yaş qrupu uşaqların gün ərzində ən az bir saat gəzməsi bu problemlərin yaranmasının qarşısını almağa kömək edir”.
Sevinc İBRAHİMZADƏ