"Gənclərin çoxu kiminsə həyatında olmasını istəyir və bunlar da..." - Psixoloqdan AÇIQLAMA
"Əhalinin böyük bir təbəqəsi arasında depressiya və stress artıb. Burada gənclər daha çox yer tutsa da, uşaqlarda da, yaşlılar arasında da bu gərginlik müşahidə olunur".
Bu sözləri psixoloq Ülviyyə Murtuzova Redaktor.az-a açıqlamasında dedi. O, gənclər arasında artan depressiya və stressin səbəblərindən danışdı:
"Şəxsiyyət tipinin formalaşdığı bir dönəm olur. Həmin dönəmdə 8-13 yaşında uşaqlarımızın kritikləşmə dövrü başlayır. Onlarda valideynlərdən ayrılmaq arzusu, müstəqillik iddiası baş qaldırır. "Mən özümü bir fərd kimi, bir şəxsiyyət kimi hiss edirəm", "verdiyim qərarlarda yanıla bilmərəm", "hər atdığım addım doğrudur" kimi düşüncələrin onlara basqın etdiyi bir dönəm başlayır. Buna qarşı valideyn tərəfindən nəzarətin olması da aqresiyyalar yaradır".
Psixoloqun sözlərinə görə, insanların istəkləri, çox iddialı olmaları ən öndə gedən məsələdir:
"Gənclərimiz istəklərinin tez həyata keçməsində o qədər iddialıdırlar ki, o qədər tələskəndirlər ki, bir şeyin həyata keçmədiyi dönəmdə aqressiya başlayır. Əvvəllər uzun illərlə mübarizə aparılan və əldə edilən uğurları, illərə söykənəcək bir dönəmin indiki gənclər 15-20 gün ərzində olmasını istəyirlər. Çünki çətinliklə bir yola çıxmaqda konkret maraqlı deyillər. "Karyera qurmaq istəyirsiniz? Kim olmaq istəyirsiniz?" sualını verəndə çox bəsit və primitiv cavablar verilir. Kəsə yollarla pul düşünürlər ki, bu da insanın özünün və fərdi inkişafının göstəricisi ola bilməz. Çox əfsuslar olsun, gənclərin çoxu kiminsə həyatında olmasını, kiminsə onu maliyyələşdirilməsini və kiminsə öhdəsində daima qalıb yaşamağı daha çox seçir və bunlar da aqressiya yaradır".
Ü.Murtuzova qeyd etdi ki, valideynlərin kiçik yaşlarında övladlarınn arzularını həddindən çox tez reallaşdırması isə onlarda kaprizi formalaşdırır.
"Bu kaprizlər sonradan isterik göstəricilərə keçir. Aqressiya ya valideynlərdən intiqam almaq hissidir, ya diqqəti birbaşa öz üzərinə çəkməsidir, ya da ki yetərsizlik və natamamlıq kompleksidir. Üç əsas istək üzərində qurulur. Bunları tam yaşayan, özünə hakim edən övlad, təbii ki, aqressiv olacaq. Bu faktorların hər biriinin kökü birbaşa uşaqlıq dönəmində valideyn tərbiyəsində olan boşluqlardan qaynaqlanır", - deyə psixoloq bildirdi.
Sevinc İBRAHİMZADƏ