Bu yazını oxuyun ki, qışda xəstələnməyəsiniz - Həkimdən faydalı TÖVSİYƏLƏR
"İnsanın immuniteti onun orqanizminin kənardan daxil olan yad maddələrə qarşı mübarizəsi, eyni zamanda orqanizmin daxilində yaranan və artıq öz dövrünü keçmiş digər xəstəlik əmələ gətirə bilən maddələrdən uzaqlaşdırılması qabiliyyətidir. İmmunitet çox güclü bir anlayışdır və onun insan orqanizmində rolunu saatlarla danışmaq olar".
Bu sözləri həkim-terapevt Arzu Hüseynova Redaktor.az-a açıqlamasında bildirdi. Onun sözlərinə görə, immun sistemi üçün əsas cavabdeh orqan timus vəzisi, qırmızı sümük iliyi və insanın qaraciyəridir:
"Bu orqanlar bilavasitə insanın immun sisteminin formalaşmasında və immun reaksiyaların əmələ gəlməsində böyük rol oynayırlar. Bu gün iki cür immunitet var: humoral immunitet və insanın özünün hüceyrə immuniteti. Humoral immunitet immunoqlobilinin təsiri nəticəsində əmələ gəlir. Ona görə də insan bədənində əmələ gələn antitellər digər xaricdən daxil ola bilən lazımsız, yəni sərbəst radikalların qana daxil olmasının, bədəninə daxil olub orada parçalanma aparmasının qarşısını alır. Bu gün bizim üçün əsas odur ki, immunitetimiz yüksək olsun. Bunun üçün birincisi düzgün qidalanmaq lazımdır. Yəni qidamızın tərkibində hər şey olmalıdır: yağ, karbohidrat, bitkilər, vitaminlər və s. Sadəcə olaraq bunların arasındakı proporsionallıq pozulmamalıdır. Orqanizmə hər şey daxil olmalıdır. Qış aylarında xüsusilə vitamin mənşəli maddələr - bitkilər, meyvələr, tərəvəzlər, müəyyən qədər bioloji aktiv fəallığa malik olan qidalar istehlak olunmalıdır.
İkincisi, çox miqdarda maye qəbul etmək lazımdır. Adi suyun orqanizmdə çox böyük rolu var. Qanın laxtalanma sistemində, orqanların işləməsində, böyrəklərin normal funksiya göstərməsində və mədə-bağırsağının normal işləməsində çox böyük rolu var. Qış aylarında heç olmasa, gündə bir litr yarım, iki litrə qədər maye qəbul etmək lazımdır. Yayda isə bunu üç litrə qədər qaldırmaq olar".
Terapevt qeyd etdi ki, idmanla məşğul olmaq lazımdır.
"Kimdəsə hansısa problem varsa, onu nəzərə alaraq ən azından öz evində müəyyən fiziki hərəkətləri etməlidir. Normal gecə yuxusu mütləq olmalıdır. Bu dəqiqə dəb düşüb, çox insanlar gecə yox, gündüz yatırlar. Bundan böyük səhv yoxdur. Çünki insan orqanizmində immun sisteminə cavabdeh olan əsas vacib mexanizmlərdən biri fizioloji yuxunun düzgün formalaşdırılmasıdır. Gecə melatonin deyilən bir hormon ifraz olunur, hansı ki, gün ərzində insanın əsəblərini sakitləşdirir, bədəndə müəyyən qədər restavrasiya işlərinin getməsinə kömək olur. Amma gündüz oyaq vaxtı biz hərəkətdə olmalıyıq. Əgər bunların yerini dəyişiriksə, immun sisteminə böyük zərər vururuq", - deyə A.Hüseynova vurğuladı.
Həkim immun sisteminə qulluqla bağlı bir neçə faydalı məsləhətlər də söylədi:
"İçki, siqaret, narkotik kimi zərərli maddələrdən uzaq olmaq lazımdır. Energetik içkilərin qəbulu immun sistemi zəncirini çox qırır. Maksimal dərəcədə stresslərdən uzaq olmaq lazımdır. Stress deyərkən xaricdən gələn hər hansı bir xoşagəlməz hadisədən başqa, biz özümüzə də daxildən stress verə bilirik. Bu, kəskin kökəlmə, kəskin arıqlama, xoşagəlməz müəyyən pəhrizlərin saxlanması, artıq əməliyyatların, xüsusən də plastik əməliyyatların dalbadal olunmasının immun sistemə çox ciddi təsirləri var. Maksimal dərəcədə otaq şəraitindən çıxıb, arada təmiz havada nəfəs almaq lazımdır. Qış da olsa, qar, yağış, çovğun da olsa, biz mütləq gün ərzində bir neçə saat təmiz havada olmalıyıq. İnfeksion və digər xəstəliklərin hamısını isə axıra qədər müalicə etmək lazımdır ki, bir azca soyuqdəyməsi olan adam bir-iki günə sağalsın. Əks halda bunların hamısının qalığı qalıb gələcəkdə daha ağır formada üzə çıxa bilər".
Sevinc İBRAHİMZADƏ