Yeni ildə uşaqlara hədiyyə alarkən diqqətli olun - Mütəxəssisdən MƏSLƏHƏT
Yeni ilə sayılı günlər qalıb. Alış-veriş mərkəzləri, digər obyektlərdə, eləcə də küçələrdə bayrama aid atributlar görürük. Mağazalara daxil olarkən, insanların, xüsusilə də uşaqların gözünə hədiyyə qutuları çarpır. Təbii ki, bir çox insan həmin hədiyyələri alır.
Bəs bu qutuları alarkən, nələrə diqqət etmək lazımdır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirdi ki, qutuların üzərində onun tərkibi haqqında məlumat yazılmalıdır.
"Yeni il hədiyyə qutuları hər zaman azyaşlılar üçün nəzərdə tutulduğu üçün onların mütləq etibarlı şirkətlər, etibarlı istehsalçılar tərəfindən hazırlanması ən önəmli faktorlardan biridir. Mütləq şəkildə qutunun cəlbediciliyi, rəngarəngliyi ilə yanaşı, eyni zamanda onun üzərində istehsalçı şirkət haqqında ətraflı məlumatın olması, içindəki qida məhsulları haqqında tam məlumatların göstərilməsi, bu məhsulların hər birinin ayrı-ayrılıqda tərkibinin verilməsi, tərkib ilə yanaşı onun son istifadə müddəti və istehsal tarixi tam göstərilməlidir. Çünki uşaqlar bəzən Yeni il hədiyyəsi olaraq açdıqda nə bu vaxtlara diqqət edirlər, nə də onların bu məlumatları araşdıracaq qədər məlumatları olmur. Bu zaman yük, məsuliyyət düşür valideynlərin üzərinə. Mütləq şəkildə onlar aldığı hər bir qidanı diqqətlə, nəzarətlə yoxlayıb, ondan sonra övladlarına verməlidirlər".
Mütəxəssisin sözlərinə görə, vaxtı keçmiş məhsulun alınması, uşaqların sağlamlığına zərər verə bilər.
"Vaxtı keçmiş məhsul olarsa, tərkibində konservantlar çox istifadə olunan, kimyəvi maddələrdən istifadə olunaraq rəf ömrü uzanan qida məhsulları var ki, bunlar bir çox uşaqlarda həzm probleminə gətirib çıxarda bilər. Eyni zamanda onların tərkibində istifadə olunan əlavələr və bu əlavələrlə yanaşı, bəzən çərəzlər də olur ki, onlar allergik reaksiyaya səbəb ola bilər. Ona görə mütləq şəkildə tərkibi ilə bağlı ətraflı məlumatı bilib və yeni olanı uşağa təqdim etməlidirlər. Ən yaxşı halda uşağın sevdiyi və onun orqanizminə uyğun şəkildə qida məhsullarından toplayaraq öz Yeni il qutusunu hazırlasınlar. Bu, ən təhlükəsiz hesab olunan üsuldur. Bəzən bunların içində oyuncaqlardan da istifadə edirlər. Bu oyuncaqların da yenə də mənşəyi bəlli olan yerdən olması, xüsusilə onların hazırlanmasında istifadə olunan boyaların uşaqlar üçün hər hansı bir təhlükə olmamasını bilmək lazımdır. Əks halda ucuz qablaşdırılmış mənşəyi bəlli olmayan Yeni il qutuları uşaqlar üçün təhlükə mənbəyi ola bilər və bəzən də bu kimi maddələrdən olan zərərlər anında öz təsirini göstərmir. Müəyyən bir vaxtdan sonra hər hansı bir sağlamlıq problemlərinə gətirib çıxarda bilər. Bəzən də həmin qutuların içində istifadə olunan meyvə suları şəklində satılan sulardan da mütləq şəkildə yenə mənşəyi bəlli olan, keyfiyyətli istehsal olunan məhsuldan istifadə etmək lazımdır. Çünki uşaq orqanizmi immun sistemi bir çox hallarda zəif olur. İnkişaf prosesi getdiyinə görə qəbul etdiyi bütün qidalar və qidaların tərkibi onların sağlamlığında böyük rol oynayır", - deyə M.Hüseynova bildirdi.
Türkan İSGƏNDƏRLİ