Çöpçü, sınıqçı, çıldaq... - "Onların tibbi təhsilləri yoxdur"- AÇIQLAMA

 13:20 29.12.2024     84

İnsanların çoxu çıldaq, çöpçü, sınıqçıya müalicə üçün üz tutur və "ilahi vergili" olan bu kəslərin müalicələrindən effektiv nəticələr alırlar. Halbuki həmin şəxslərin üsulları tibb müəssisələrində professional şəkildə həkimlər tərəfindən həyata keçirilməlidir. Bəs tibb elmində qeyri-ənənəvi təbabətə münasibət necədir? Həqiqətən, bu işlərlə məşğul olanlara güvənmək doğrudurmu?

Tibb üzrə ekspert, həkim Abdulla Şıxlinski Redaktor.az-a açıqlamasında bildirdi ki, bu cür xidmətlərin hələ də fəaliyyət göstərməsinə səbəb insanların tibb elminə inamsızlığı, cahillikləri və reklama uymalarıdır:

“Sovet İttifaqı dağılandan sonra əvvəllər qadağan olunan bu məsələlər geniş reklam olunmağa başladı. Həmçinin ölkədə səhiyyə sistemində müəyyən əskikliklərin olması insanları bu yollara əl atmağa vadar edir. Bu sahədə mütəxəssislər iki qrupa bölünür. Birinci qrup nənədən-babadan öyrənib və həqiqətən də, onun müalicə üsulu müəyyən qədər fayda verir. Amma ikinci qrup isə sadəcə olaraq insanları aldatmaqla məşğuldur. Həmin şəxslərə müraciət edib heç bir nəticə almayan, həyatını itirənlər kifayət qədərdir. Onların tibb barəsində təhsilləri yoxdur.

Bəzən valideynlər elə bilirlər ki, çöpçüyə apardıqları üçün uşaq sağalır, amma əslində, burada psixoloji təsir amili var, inandırmağı bacarırlar. Həmin şəxslərin yanında həmişə müəyyən hazır bir çöp olur, bu meyvə çəyirdəyi və sair ola bilir və söyləyirlər ki, mən çıxartdım, amma sən görmədin”.

Həkim onu da dedi ki, həmin adamlar real kömək etsələr də, məhkəmə tərəfindən bu qeyri-qanuni həkimlik fəaliyyəti sayılır:

"Çünki insan hansısa tibb idarəsinə müraciət edəndə qeydiyyatdan keçir, həkimin qabiliyyətini araşdırır və s. Lakin onun müalicəsindən əks təsir gördükdə şikayət hazırlamaq yersiz və boşdur. Nəticə etibarilə o həkim olmadığına görə və sənin də əlində heç bir faktiki təsdiq olmadığına görə onlara məsuliyyət verilmir”.

Sevinc İBRAHİMZADƏ