Alman cərrah xəstədən xərçəngə yoluxdu

 00:28 07.01.2025     711

Alimlər ilk dəfə xərçəngin əməliyyat zamanı xəstədən cərraha keçməsini sənədləşdiriblər. Söhbət bədxassəli bir şişin – lifli histiositomanın “təsadüfi transplantasiyasından” gedir.

Redaktor.az xəbər verir ki, bu unikal hadisə "New England Journal of Medicine" (NEJM) jurnalında elmi məqalədə təsvir edilib.

Almaniyadan olan 53 yaşlı cərrah yumşaq toxuma xərçəngi olan xəstəyə drenaj apararkən qolunda kəsik yaranıb. Yaranın dərhal müalicəsi və sarğısına baxmayaraq, beş ay sonra kəsik yerində bir şiş əmələ gəlib. Tədqiqatlar cərrahın şişinin bədxassəli olduğunu və genetik olaraq xəstənin xərçəngi ilə eyni olduğunu göstərib.

Fibröz histiositoma hər il təxminən 1400 insanda diaqnoz qoyulan nadir xərçəng növüdür. Alimlər qeyd edirlər ki, bu hal unikaldır, çünki immunitet sistemi adətən yad toxumanı rədd edir. Bununla belə, cərrah xəstənin şiş hüceyrələrinin kök almasına imkan verən "effektiv olmayan anti-şiş immun cavabı" inkişaf etdirib.

Əməliyyat olunan xəstə bir neçə ay sonra əməliyyat uğurlu olsa da, ağırlaşmalar səbəbindən vəfat edib. Cərrah xərçəngin yayılmasının qarşısını almağa kömək edən cərrahiyyə və antitümör terapiyası həyata keçirib. Şiş çıxarıldıqdan iki il sonra xəstəlik təkrarlanmayıb.

Mütəxəssislər vurğulayırlar ki, xərçəngin tibb işçilərinə keçməsi halları olduqca nadirdir və dəqiq statistika yoxdur. Lakin məlumdur ki, bəzi xərçəng növlərində - məsələn, döş, ağciyər, qaraciyər və digər orqan xərçənglərində xərçəng hüceyrələri əməliyyat zamanı yayıla bilər. Buna görə də həkimlər əməliyyatlar zamanı bütün ehtiyat tədbirlərinə ciddi əməl etməyə çağırır.

Turan İSMAYIL