Pomidor və xiyarı birlikdə yeməyin zərərləri açıqlandı

 00:23 07.01.2025     185

Pomidor və xiyar masaların ayrılmaz ikilisi kimi tanınır. Rahat istehlak edilmələri ilə bu iki tərəvəz bir çox insanın gündəlik qidalanma vərdişlərində əhəmiyyətli yer tutur. Ancaq mütəxəssislər bu populyar ikilinin birlikdə istehlak edilməsinin düşündüyümüz qədər faydalı olmadığını vurğulayır.

Redaktor.az xəbər verir ki, qidalanma üzrə mütəxəssis Tanya S. Kapoor, pomidor və xiyarı birlikdə yeməyin sağlamlıq problemlərinə yol aça biləcəyini bildirib.

Kapoor deyib: “Xiyar susuzluğu aradan qaldırmağa kömək edən zəngin qida maddələri ehtiva edir. Lakin C vitamininin sorulmasını əngəlləyən xüsusiyyətə malikdir. Buna görə də pomidor və xiyarı birlikdə istehlak etmək tövsiyə edilmir".

Mütəxəssislərin fikrincə, pomidor yüksək turşuluq, xiyar isə daha qələvi tərkibi ilə fərqlənir. Bu fərqlilik, birlikdə istehlak edildikdə həzm sistemində problemlərə səbəb ola bilər. Şişkinlik, turşuluq və həzmsizlik kimi şikayətlər ortaya çıxa bilər. Eyni zamanda, xiyarda olan bəzi maddələr, pomidordakı likopen kimi vacib antioksidantların sorulmasını maneə törədə bilər.

Qidalardan maksimum fayda əldə etmək və həzmi asanlaşdırmaq üçün pomidor və xiyarı ayrı vaxtlarda yemək tövsiyə olunur. Məsələn, xiyarı ara yeməklərdə təravətləndirici qəlyanaltı kimi, pomidoru isə salat və ya yeməklərdə ayrıca istifadə edə bilərsiniz. Bu, həm qida maddələrinin daha yaxşı sorulmasına, həm də həzm problemlərinin qarşısını almağa kömək edə bilər.

Seymur BƏNNAYEV