Tanınmış infeksionist yeni yayılan təhlükəli virusdan DANIŞDI: "COVİD dönəmindəki tədbirlər gündəmə gələ bilər"
"Metapneovirusun əlamətləri digər tənəffüs yolu infeksiyalarına bənzəyir. Sağalan şəxslər belə virusu ötürə bilərlər və bu, virusun yayılmasını sürətləndirə bilər. Belə hallar artarsa, COVİD dönəmində alışdığımız tədbirlər - maska, gigiyenik qaydalar gündəmə gələ bilər".
Bu fikirləri infeksion xəstəlikləri və klinik mikrobiologiya uzmanı Dr. Vasif Əliyev Redaktor.az-a hazırda yayılan xəstəlikləri şərh edərkən dedi. Onun sözlərinə görə, virus hava-damcı yolu ilə yayıldığı üçün yüksək yoluxuculuğa malikdir:
"Artıq Çində yeni yayılıb. Metapneovirus artıq Qazaxıstanda, hətta Qırğızıstanda da bu gün qeydə alınıb. Metapneovirus Premovirid ailəsinə aid bir virusdur və RSV (Respiratory Syncytial Virus) ilə eyni ailədən gəlir. Yuxarı və aşağı tənəffüs yolları infeksiyasına, hətta pnemoniyaya səbəb ola bilir. Hava damcı yolu ilə yoluxur. Əsas önəmli məqam budur. 5-9 günlük inkubasiya dövrü olduğu bildirilir. Uşaqlar və yeni doğulmuş körpələr, immunsupressiv dərman istifadəçiləri, orqan transplantasiyası alanlar, xroniki xəstəlikləri olan şəxslər (böyrək, qaraciyər, ürək və ağciyər çatışmazlığı) daha ağır formada keçirə bilərlər".
İnfeksionist qeyd etdi ki, metapneovirus əsasən bəzi qruplar üçün ciddi təhlükə yaradır.
"Öskürək, burun axıntısı, xışıltılı nəfəs, temperaturun yüksəlməsi, əsas əlamətləridir. Diaqnozun dəqiqləşdirilməsi üçün burun yaxması vasitəsilə respirator panel analizi aparılmalıdır. Bu qruplarda xəstəlik daha ağır keçir və ölüm riski daha yüksək olur. Eyni zamanda bu virusu keçirən və sağlam olan insanlarda müəyyən qədər qoruyucu antitel yarana bilər ki, bu da xəstəliyin daha yüngül keçməsinə səbəb olur. Metapneovirus üçün spesifik antiviral müalicə və ya təsdiqlənmiş vaksin mövcud deyil. Ona görə ən doğru yol birinci növbədə xəstəliyə yoluxmamaqdır. Xəstə olan insanlardan uzaq durmaq, mövsümə uyğun geyinmək, sağlam qidalanmaq sadəcə bu virusdan deyil, digər viruslardan da qoruyacaq. Metapneovirusdan qorunmaq üçün əsas qaydalar bol maye qəbulu, yataq rejimi, sosial məsafənin qorunmasıdır. Xəstə olan insan izolyasiya olmalı, insanlarla ünsiyyətdə olmamalıdır. Antibiotiklər və steroiddən erkən mərhələdə gərəksiz istifadə xəstəliyi ağırlaşdıra bilər", - deyə Vasif Əliyev vurğuladı.
Türkan İSGƏNDƏRLİ