Böyrək çatışmazlığını özünüz təyin edə bilərsiniz! - Həkimdən AÇIQLAMA

 18:16 07.01.2025     207

Məşhur aktyor Azər Baxşəliyevin vəfatı bir çox insanda dərin sarsıntı yaratdı. Onun ölüm səbəbi böyrək çatışmazlığı kimi qiymətləndirilir. Bu səbəb insanlar arasında sağlamlıqları ilə bağlı narahatlıq yaratmağa başlayıb. Böyrək çatışmazlığını əvvəlcədən necə təyin etmək olar?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında həkim-uroloq Vaqif Rüstəmov bildirdi ki, böyrək çatışmazlığı ilkin mərhələlərdə bir sıra əlamətlərlə özünü göstərə bilər:

"Ayaqlarda, əllərdə və göz altında göyərmələr böyrək xəstəliklərinin göstəricisi ola bilər. Əgər gözlərin üst qapağı şişirsə, bu, daha çox ağciyərlə əlaqəli ola bilər. Amma yalnız alt qapaqda şişlik varsa, bu böyrəklərlə bağlı problemlərə işarə edir. Eyni anda yuxarı və aşağı göz qapaqlarının şişməsi isə ürək xəstəliklərinə dəlalət edir.

Bundan əlavə, böyrək problemləri sidikdə azalma, rəngin tündləşməsi, ağrı və yandırma hissi ilə müşayiət oluna bilər. Bu kimi narahatlıqlar varsa, mütləq qandan kreatinin analizi aparılmalıdır. Kişilər üçün normada kreatinin səviyyəsi 133, qadınlar üçün isə 93-dür".

Həkimin sözlərinə görə, yaşlı adamlarda bu hallara daha çox rast gəlinir:

"Əgər kreatin qalxma varsa, xəstə iltihab keçiribsə, ya vaxtilə daş salıbsa, bunların hamısı böyrək xəstəliklərinə dəlalət edir. Yaşlı adamlarda prostat vəzi böyüdüyünə görə bəzən sidik ifrazında tezləşmə, çətinləşmə, bəzən göynətmə hiss oluna bilər. Ona görə böyrəklər və sidik kisəsi, prostat vəzi eyni vaxtda müayinə olunmalıdır".

Türkan İSGƏNDƏRLİ