Uşaqda öskürək intensivdirsə, qızdırma varsa... - Pediatr valideynlərin ən çox etdiyi xətalardan DANIŞDI
Son dövrlərdə Azərbaycanda mövsümi virus infeksiyalarının yayılma halları artıb. Bu xəstəliklər məktəb və bağça yaşlı uşaqlar arasında daha geniş yayılmaqdadır.
Virusun simptomları nələrdir və valideynlər uşaqlarını bu infeksiyalardan necə qoruya bilərlər?
Redaktor.az-a açıqlama verən Azərbaycan Tibb Universitetinin dosenti, pediatr Nigar Bayramova bildirdi ki, qış aylarında uşaqların qapalı məkanlarda çox vaxt keçirməsi, qapalı məkanların havalandırılmaması ilə əlaqədar hər il olduğu kimi bu il də hava-damcı yolu ilə yayılan infeksiyalar sürətlə artmaqdadır.
"Bu infeksiyalar arasında influenza, HMPV (human metapnevmovirus), RSV (respirator sinsitial virus), parainfluenza, adenoviruslar və qədim bakteriya olan beta infeksiya dediyimiz bakterial infeksiyanın çox görülməsini müşahidə edirik. İnsanlar arasında HMPV əlaqədar yayılmış çoxsaylı təşviş hallarına açıqlama olaraq bildirmək istəyirəm ki, bu yeni bir infeksiya deyil, hər il görülən tənəffüs yollarının xəstəlikləri içində insan metapnemovirusuna da rast gəlinir. İnsan metapnevmovirusu uşaqlar, yaşlılar və immun müqaviməti aşağı olan şəxslər arasında ciddi xəstəliklərə səbəb olan virusdur, insandan insana asqırma, öskürmə və təmas vasitəsilə yoluxur. Virus infeksiyaları müxtəlif yaş qrupu uşaqlar arasında fərqli klinik əlamətlərlə özünü verir. Hava-damcı yolu ilə yoluxan virus infeksiyaları yüksək hərarət, öskürək, burun tənəffüsünün çətinləşməsi, halsızlıq, iştahanın itməsi, qarında ağrı, ishal, burundan ifrazatın gəlməsi, qulaq ağrısı və tənəffüsün çətinləşməsi kimi əlamətlərlə özünü biruzə verir. Xalq arasında bəzən bu kimi infeksiyalar soyuqdəymə və yaxud qrip deyə adlandırılır, çünki çoxsaylı virus infeksiyaları bənzər soyuqdəymə kimi əlamətlərlə müşahidə oluna bilir. Lakin unutmamalıyıq ki, 5 yaşa qədər peyvəndsiz uşaqlar arasında ağciyər infeksiyaları ağır xəstəxana yatışlarına, hətta ölümə də səbəb ola bilirlər. HMPV və qrip virusu hər yaşda rast gəlinsə də, 6 aya qədər körpələr, yaşlılar və immun sistemi zəif olan insanlar (xronik xəstələr, steroid müalicəsi alanlar, astmalı xəstələr) arasında şiddətli simptomlarla daha sıx görülür", - deyə həkim qeyd etdi.
Nigar Bayramova uşaqları xəstəliklərdən qorumaq üçün valideynlərə tövsiyələr də verdi:
"Virus infeksiyalarının yayılmasının qarşısını almaq üçün qapalı məkanların (evlərin, bağçaların, məktəblərin) hava təmizliyinə xüsusi diqqət edilməli, əllərin tez-tez sabunla yuyulması, sıx toxunulan səthlərin təmizlənməsi, insanların çox olduğu məkanlarda çox vaxt keçirməmələri vacibdir. Valideynlərə uşaqlarının maye tələbatını keyfiyyətli su ilə ödəmələrini, vitaminlərlə zəngin meyvə-tərəvəz qəbulunu, virus infeksiyasının əlamətləri görüldükdə isə pediatrla məsləhətləşərək vaxtında diaqnozun qoyulması və göstəriş olan hallarda həkim təyinatı ilə virus əleyhinə preparatların başlanmasını tövsiyyə edərdik. Valideynlərin ən çox etdiyi xətalardan biri uşaqlarda yüksək hərarət olduğu zaman dərhal apteklərdən antibiotiklər və müxtəlif öskürək siropları, qrip əleyhinə dərmanlar almağa çalışmalarıdır. Unutmayaq, antibiotiklər qızdırma salan preparatlar deyillər. Əgər uşaqda öskürək intensivdirsə, gecə öskürəyi varsa, burun tənəffüsünün çətinləşməsi 10 gündən çox davam edirsə və ya 3 gündən daha çox davam edən qızdırma varsa, mövcud virus infeksiyası hər hansı fəsadla ağırlaşmış ola bilər. Belə bir hallarda həkim göstərişi ilə zəruri müalicə təyin olunmalıdır".
Bənövşə HƏSƏN