Qripdən qorunmaq üçün ev şəraitində bunlara diqqət edin - Həkimdən faydalı TÖVSİYƏLƏR
Mövsümi infeksiyalara yoluxma halları artıb. Qripdən qorunmaq üçün insanlar müxtəlif vasitələrdən istifadə etsələr də, kütləvi şəkildə yayılmaqda davam edir.
Qripin belə kütləvi yayılmasının səbəbi nədir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında infeksionist Aytən Ziyadova bildirdi ki, qripin kütləvi yayılmasının bir neçə səbəbi var. Onun sözlərinə görə, əsas səbəblərdən biri insanların daha çox qapalı məkanlarda bir araya gəlməsi, xüsusilə soyuq hava şəraitində insanların daha çox bir-biri ilə təmasda olmasıdır:
"Virus öskürək və asqıraq yolu ilə insanlardan digər insanlara asanlıqla keçə bilir. Qrip virusunun tez mutasiya etməsi və yeni ştammlarının meydana çıxması da yayılmanı artıran faktorlardandır. Ev şəraitində respirator viruslardan qorunmaq üçün bir neçə əsas tədbirə diqqət etmək lazımdır:
Əllərin yuyulması: Yaxşı əl gigiyenası, xüsusən də yeməkdən əvvəl, tualetdən sonra və ya kimsə ilə təmasda olandan sonra əhəmiyyətlidir.
Təmizlik: Ətraf mühitin, xüsusilə tez-tez təmasda olunan səthlərin (telefon, qapı qolları və s.) müntəzəm olaraq təmizlənməsi vacibdir.
Ventilyasiya: Otaqların yaxşı havalandırılması virusların yayılmasının qarşısını almağa kömək edir.
Yaxşı qidalanma və vitaminlər: İmmunitet sistemini gücləndirmək üçün balanslı qidalanma və lazım olan vitaminləri qəbul etmək önəmlidir.
Maska istifadəsi: Xüsusən qrip mövsümündə və ya xəstə şəxslə təmasda olduqda maska taxmaq faydalıdır".
Aytən Ziyadova onu da qeyd edib ki, qrip əleyhinə peyvənd, ümumiyyətlə, sağlam insanlara tövsiyə olunur, lakin bəzi insanlar üçün uyğun olmaya bilər.
Həkim bildirdi ki, aşağıdakı şəxslər peyvənd olunmamalıdır:
Allergiyası olanlar: Qrip peyvəndinə qarşı ciddi allergik reaksiyaları olan şəxslər (məsələn, yumurta allergiyası olanlar) peyvənd olunmamalıdır.
Ağır xəstəlik vəziyyətində olanlar: Əgər bir şəxs yüksək dərəcədə xəstədirsə (həmən dövrdə aktiv infeksiya və ya yüksək qızdırma varsa), peyvənd təxirə salınmalıdır.
Sistematik immunitet pozğunluqları: Bağışıklıq sistemi zəif olan şəxslər (chemoterapiya, ağır xroniki xəstəliklər və s.) ilə bağlı peyvənd istifadəsi ilə bağlı həkimə müraciət edilməlidir.
Həmsöhbətimiz onu da bildirdi ki, qripdən qorunmaq üçün peyvəndin düzgün vaxtda və düzgün şəxslərə vurulması çox önəmlidir.
Bənövşə HƏSƏN