Bitlər uşaqların sağlamlığını təhlükəyə atır - AÇIQLAMA

 19:48 27.01.2025     205

Yəqin ki, bir çoxumuz uşaq vaxtı bit "hücum"una məruz qalmışıq. Elə indi də uşaqlar arasında bu hala ən az bir dəfə rast gəlmək mümkündür. Əgər sinifdə bir nəfərdə bit varsa, demək olar ki, bu, hamısına keçir. Çünki bit uçma və tullanma kimi xüsusiyyətlərə malikdir. 

Bəs bit insan saçına niyə düşür və xilas olmaq üçün nə etmək lazımdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan pediatr Qoşqar İsmayılov bitlərin saç tökülmə kimi ciddi fəsadlara yol açdığını bildirdi:

"Bit xəstəliyi pedikulyoz adlanır. Xüsusən də uşaqlarda, bəzən də təmizliyə riayət etməyən böyüklərdə rast gəlinə bilər. Əsasən saçda yaşayır və gözlə də görülə bilər. Bu vaxt dəridə qaşınma baş verir. Uzun müddət qalanda saçın zədələnməsinə və tökülməsinə səbəb ola bilər. Bir nəfərdə olanda digər ailə üzvü və ya sinif yoldaşlarına keçmə ehtimalı yüksəkdir. Bitlər saçda öz-özünə artır. Yəni yumurtayır və bala sirkələr əmələ gəlir".

Pediatrın sözlərinə görə, belə olan hallarda mütləq həkimə müraciət etmək lazımdır.

"Diaqnoz biti tapmaqla qoyulur və müalicəsində pedikulyoz əleyhinə şampunlar, lasionlar istifadə olunur. Yəni hansısa bir uşaqda bit varsa, onun məktəbə getməməyinə ehtiyac yoxdur. Amma müalicə almalıdır. Bir də ki, ailədə bir nəfərdə varsa, digərləri də müalicəyə başlamalıdır. Lakin müalicə yalnız dərmanlarla bitmir, həmçinin baş dərisinin təmizliyinə diqqət yetirmək, paltarların və yastıqların yaxşıca yuyulması da vacibdir", deyə Qoşqar İsmayılov əlavə etdi.

Türkan İSGƏNDƏRLİ