Uşaqlarda qızdırmanı salmaq üçün bu sözlərə də ehtiyac varmış - Həkimdən valideynlərə TÖVSİYƏ

 16:56 30.01.2025     154

Valideynlər uşaqlarda qızdırmanı salmaq üçün müxtəlif vasitələdən istifadə edirlər. Lakin onların etdikləri səhv üsul uşaqda ağırlaşmalara gətirib çıxara bilər.

Qızdırmanı salmaq üçün valideynlər hansı səhvlərə yol verir və bu zaman hansı vasitələrdən istifadə olunmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan həkim Günel İsmayılova bildirdi ki, qızdırma zamanı valideynlərin ən böyük səhvi anında antibiotiklərə müraciət etməsidir.

"Valideynlər bilməlidirlər ki, ilk növbədə qızdırmanın səbəbini araşdırmaq lazımdır. Əgər qızdırma soyuqdəymədən qaynaqlanırsa, bunu ev şəraitində təbii vasitələrlə qarşısını almaq daha doğru olar. Əgər yenidən ehtiyac yaranarsa, lazımı tədbirlər görülməlidir. Qızdırma zamanı uşaq yüngül geyindirilməlidir ki, bədən istiliyini asanlıqla itirsin. Otaq temperaturu tənzimlənməli, sərin saxlamalı və mütamadi otağın havası dəyişdirilməlidir. Uşağın bədəni ilıq su ilə silinməli, yəni soyuq olmayan su ilə isladılmış yumşaq dəsmalla uşağın bədənini (alın, qoltuqaltı, qollar, ayaqlar) yüngülcə silinməlidir. Sirkə və ya spirt istifadə etməmək tövsiyə olunur. Ən əsası qızdırma zamanı uşağa bol maye - su, ana südü, meyvə şirələri və ya şorba kimi mayelər, zoğallı, limonlu çay, itburnu şirəsi verilməlidir ki, orqanizm susuz qalmasın. Əgər temperatur 38.5°C-dən yüksəkdirsə və hələ bu üsullar təsir etmirsə, pediatra müraciət edərək, dərman vsitələrindən istifadə edə bilərsiniz”.

Həkim vurğuladı ki, qızdırmanın qarşısının alınmasında psixoloji dəstək də çox önəmlidir.

"Belə ki, çox vaxt analar qızdırma zamanı təlaşlanaraq öz həyəcanlarını övladlarına ötürərək, “vay, qızdırmadan yanırsan ki”, “uşağı tez həkimə çatdırmalıyıq” kimi cümlələrlə bu vəziyyəti daha da gərginləşdirirlər. Bu da təbii olaraq uşaqların halını daha da pisləşdirə bilər. Bu kimi zamanlarda “narahat olma, balam, hər şey yaxşıdır”, “elə bir ciddi narahatlıq deyil”, “bir azdan hər şey düzələcək” kimi söz və ifadələrdən istifadə edərək psixoloji dəstək göstərməklə tezliklə müsbət nəticə əldə etmək mümkündür”, - deyə Günel İsmayılova qeyd etdi.

BƏNÖVŞƏ