"Çöpçülər uşaqlarda xəstəliklər yarada bilər" - Pediatr
Mütəxəssislər çöpçülərlə bağlı valideynlərə müraciət edib. Onlar bildirib ki, çöpçülər həyati təhlükə yarada biləcək hallara yol verir.
Mövzu ilə əlaqədar Redaktor.az-a danışan pediatr Qoşqar İsmayılov bildirdi ki, uşaqlarda olan narahatlıq başqa xəstəliklərdən də ola bilər:
"Uşağın sağlamlığı ilə bağlı hər hansı bir narahatçılıq olduqda, valideynlər mütləq həkimə müraciət etməlidirlər. Xalq təbabətinə və ya çöpçülərə etibar etmək əvəzinə, peşəkar tibbi yardıma üz tutmaq vacibdir. İnsanlar necə bilər ki, uşağın boğazında nə qalıb? Bu, qızartı və ya ağrı kimi simptomlar da ola bilər".
Həkim çöpçülərin istifadə etdiyi üsulların qeyri-gigiyenik olduğunu və bu cür müdaxilələrin əlavə infeksiyaların yaranmasına səbəb ola biləcəyini vurğuladı.
"Çünki düzgün diaqnoz qoyulmadan edilən müdaxilələr uşağın sağlamlığına daha çox zərər verə bilər. Bundan əlavə, çöpçülərin istifadə etdiyi metodlar çox vaxt qeyri-gigiyenik olur və bu, əlavə infeksiyalara yol aça bilər. Əgər valideyn uşağında hər hansı bir narahatlıq hiss edirsə, ilk növbədə pediatra və ya sahə həkiminə müraciət etməlidir. Həkim müayinədən sonra lazım gələrsə, analizlər təyin edərək dəqiq diaqnoz qoyacaq və uyğun müalicə üsulunu təyin edəcək", - deyə Qoşqar İsmayılov bildirdi.
Türkan İSGƏNDƏRLİ