Stress ürək sağlamlığına necə təsir edir?

Ürək-damar xəstəliklərinin qarşısının alınmasında həyat tərzi dəyişikliklərinin əhəmiyyətini vurğulayan kardioloq Ərtoğrul Oxuyan həftədə ən az iki dəfə balıq yemək, nizamlı idman etmək və düzgün yağdan istifadə etməklə infarktın qarşısını almağın mümkün olduğunu deyib. O, bunun üçün siqareti tərgitməyin də vacib şərtlərdən biri olduğunu bildirib.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, o, ürək sağlamlığının müasir həyatın gətirdiyi hərəkətsizlik, balanssız qidalanma və sıx stress kimi faktorlardan təsirləndiyini deyib.
Həkimin sözlərinə görə, xüsusilə həftədə ən az iki dəfə balıq istehlakı ilə alınan Omeqa-3 yağ turşuları ilə müntəzəm və balanslaşdırılmış pəhriz proqramı həm ürək sağlamlığını qoruyur, həm də ümumi sağlamlıq keyfiyyətini artırır.
“Əslində dərmansız həyat tərzi dəyişiklikləri ürək sağlamlığını qorumaq üçün çox vacibdir. Biz infarkt və ürək-damar xəstəlikləri riskinin qarşısını almaq üçün ilk işin hər zaman həyat tərzini dəyişmək olduğuna inanan bir qrup həkimik. Ürək böhranı və ürək-damar xəstəlikləri üçün xüsusi risk faktorları var. Bunlardan ən əhəmiyyətliləri siqaret, yüksək xolesterin, piylənmə, diabet, yüksək qan təzyiqi, ailədaxili problemlər və stressdir. Əgər artıq çəki varsa, arıqlaya bilərsiniz. Oturaq həyatınız varsa, idman etməyə başlaya bilərsiniz. Duz istehlakını azaltmağınız da vacibdir”, - deyə həkim bildirib.
Vasif