Onların əti insan üçün xeyirlidir? - Ekspertdən AÇIQLAMA

"Dağda, meşədə, vəhşi təbiətdə yaşayan belə heyvanların (maral, ayı və s.) əti, bizim alıb istifadə etdiyimiz mal, quzu, keçi əti kimi tam yararlı ət hesab olunmur. Bu heyvanların bizim istifadəmiz üçün yararlı olmamasının səbəbi odur ki, bu heyvanlar mütəmadi olaraq dağda, dərədə, meşədə hərəkətdə olduqları üçün ətlərinin əzələ sistemi daha çox inkişaf etmiş olur. Bu isə ətdə bərkliyin yaranmasına səbəb olur".
Bu barədə Redaktor.az-a açıqlamasında qida eksperti İlkin Şirinov bildirdi. Onun sözlərinə görə, bu heyvanların ətindən birmənalı şəkildə bizim digər ətlərdən istifadə etdiyimiz kimi istifadə etmək alınmır:
"Bu heyvanlardan biz istədiyimiz kimi yeməklər əldə edə bilmərik. İstifadə etmək üçün, bu ətlər xüsusi yumşaldıcı proseslərdən keçməli, xüsusi ədviyyatlardan və qatqılardan istifadə olunmalıdır. Bu ətlərdən sonra hansısa yemək hazırlana bilər. Belə ətlərin bizə xeyirli, yoxsa ziyanlı olduğu mövzusuna gəldikdə, şəxsən özüm hansısa araşdırmada, tibbdə, elmi yazıda rast gəlməmişəm ki, ayı əti insana xeyirlidir. Və yaxud maral əti hansısa xəstəlik üçün xeyirlidir. Məsələn, el arasında deyilir ki, “babasil” xəstəliyi üçün kirpinin əti xeyirlidir. Bunlar sadəcə el arasında deyilir. Özüm şahid olmamışam".
Ekspert bildirdi ki, bu heyvanların xüsusi baytarlıq nəzarətindən keçmədən birbaşa hazırlanaraq insanlara verilməsini düzgün deyil:
"Ov mövsümündə biz şahid oluruq ki, ördək, qaşqaldaq, müxtəlif sularda yaşayan quşların ətindən istifadə etmək olur. Onların əti qəbul olunandır. Bu hala normal yanaşmaq olar. Bu gün insan sağlamlığının riskə atılması, təbiətin məhv olunması hesabına pullar qazanılır. Hesab edirəm ki, belə halların qarşısını almaq üçün mütəmadi reydlər keçirilməlidir. Reydlər 1-2 dəfə yox, daimi keçirilməlidir".
İ.Şirinovun sözlərinə görə, bu mövzularda ictimai qınaq da özünü göstərməlidir:
"Məsələn, hansısa insanın qarşısında meşədə yaşayan bir heyvan ovlanırsa, vətəndaş buna öz mövqeyini göstərməlidir.
Bilirik ki, Azərbaycanımızın təbiəti rəngarəngdir. Adı "Qırmızı kitab"a düşən heyvanlar var ki, onlar ovlanırlar. Təbiətə belə yanaşmamalıyıq. Bu tip yanaşmaları əsasən ekoloqlardan, meşəbəylərindən gözləyirəm. Kiminsə müəyyən pul məbləğində ayı ovlamasını mən qəbul etmirəm. Bunu cəmiyyət olaraq qəbul etməməliyik. Azərbaycanımızın təbiətini biz özümüz qorumalıyıq. Hansısa xarici turist gəlib bizim təbiətimizi qorumayacaq", - deyə ekspert əlavə etdi.
Aytəkin TOFİQQIZI