Qar yeməyin hansı faydası var? - AÇIQLAMA

Çoxları düşünür ki, qar mikrobları öldürür, yağandan sonra hava təmizlənir. Lakin bunun elmi açıqlaması yoxdur.
Bəs bu fikirlər nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı Redaktor.az-a danışan həkim-terapevt Etibar Süleymanov bildirdi ki, şaxtalı havalarda həmin virusların yaşama qabiliyyəti çox aşağı olur.
"Qarlı, şaxtalı havalar mövsümi xəstəliklərə elə güclü təsir eləmir. Bəzi hallarda virusların xarici mühitdə yaşaması üçün xüsusi şərtlər lazımdır. Havanın temperaturunun 10-16 dərəcədən yuxarı olması nəmişlik rütubətlik yaradır. Belə havalarda viruslar daha uzun müddət sağ qalıb yoluxdura bilirlər. Şaxtalı havalarda həmin virusların yaşama qabiliyyəti çox aşağı olur və bu səbəbdən bir balaca xəstəliyə səbəb olma ehtimalı aşağı ola bilər. Amma qar yağmağının özünün digər əlavə təsirləri olur. Misal üçün, hava sürətlə dəyişir, xüsusilə Bakıda gah isti, gah soyuq olur. Ona görə qarın ən böyük, ən üstün cəhətlərindən biri havanın kirliliyinin, çirkliliyinin azalmasıdır. Atmosferdə olan maşınların, zavodların, fabriklərin buraxdığı zərərli toz hissəcikləri qarın təsiri nəticəsində aşağı çökür, hava təmizlənir və bunun özü orqanizmə kifayət qədər müsbət təsir göstərir".
Həkimin sözlərinə görə, qar yeməyin sağlamlığa xüsusi təsiri yoxdur.
"Qar yeməyin sağlam orqanizm üçün elə bir ziyanlı təsiri yoxdur. Amma əgər faringit, xroniki xəstəlikləri, xüsusən tonzilliti olan adamlara olmaz. Çünki dondurma kimi qar yeyərkən xəstəlik aktivləşə, xroniki proseslər kəskinləşə bilər, ona görə məsləhət görülmür. Əslində qar distillə olunmuş suyun bərkimiş formasıdır. Onun elə bir ziyanı olmur. Onun tərkibində minerallar yoxdur deyə su kimi faydası da yoxdur. Belə havalarda məsləhət olar ki, insanların əyinləri qalın olsun, çox soyuqlayıb, tərləməkdən çəkinsinlər", - deyə Etibar Süleymanov əlavə etdi.
Türkan İSGƏNDƏRLİ