Bakıda küləyin təhlükələri - Həkim: "Tozlu hava ağciyər xərçəngi riskini artırır"

 16:41 09.04.2025     328

Hamıya məlumdur ki, Bakıda güclü külək əsəndə hər tərəf toza qərq olur. Havadakı toz, qum dənəcikləri küçədə hərəkət edən hər kəsin gözünə, ağzına dolur. Neftlə çirklənmiş ərazilərdən qalxan tozun da udulduğunu nəzərə alsaq, bütün bunlar insan sağlamlığı üçün ciddi təhlükələr yaradır.

Tozlu hava şəraitinin insan orqanizminə təsirindən danışan terapevt Aynurə Qənbərova Redaktor.az-a bildirdi ki, küləkli hava zamanı tozun miqdarında çoxalma baş verir, bunun nəticəsində həssas insanlarda tənəffüs yolları xəstəlikləri və bir sıra allergik problemlər yaranır:

"Tozlu hava ağciyər xərçəngi riskini də artırır. Bu xəstəliklər həm sağlam, həm də bəzi risk qrupunda olan insanlarda baş verə bilər. Həmçinin tozlu hava insanların əsəb sisteminə təsir göstərir və insanların psixoloji durumunun pozulmasına səbəb olur". 

Həkim vurğuladı ki, tozlu havadan insanlar müəyyən qədər qorunmağa çalışmalıdırlar.

"Tozlu hava zamanı maskadan istifadə etmək zəruri hallardan biridir", - deyə Aynurə Qənbərova qeyd etdi.

Gülər HƏSƏNLİ