Gənc yaşda ürək dayanması səbəbilə ölüm hallarının sayı artır: SADS nədir?

 18:45 13.04.2025     212

Əgər ürəkbulanma, qızdırma və əzələ ağrısı kimi şikayətləriniz varsa, bədənin infeksiya ilə mübarizə apardığını düşünə bilərsiniz. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu əlamətlər qəfil aritmik ölüm sindromu (SADS) ilə də əlaqəli ola bilər.

SADS nədir?

Redaktor.az xəbər verir ki, SADS - qəfil aritmik ölüm sindromu - infeksiya və ya struktur ürək xəstəliyi kimi aydın bir səbəb olmadan baş verən ani ölümlə xarakterizə olunur. Bu vəziyyət, daha əvvəl sağlam hesab edilən şəxslərdə gözlənilməz şəkildə ürək ritminin pozulması nəticəsində ölümə səbəb olur. Bu sindromun ən qorxulu tərəfi, çox zaman ilk əlamətin ölüm olmasıdır.

Əlamətlər və risk göstəriciləri

İsveçli tədqiqatçılara görə, çarpıntı, ürəkgetmə, ürəkbulanma, əzələ ağrısı və qızdırma kimi simptomlar, SADS-dan əziyyət çəkən şəxslərdə tez-tez rast gəlinən əlamətlərdir. Həkimlər bildirirlər ki, döş qəfəsində ağrı və nəfəs darlığı kimi klassik simptomlarla yanaşı, infeksiya əlamətlərinə bənzəyən bu hallar da ciddi risk göstəricisi ola bilər.

Hadisələr: gənc həyatların itirilməsi

2023-cü ilin avqust ayında İngiltərənin Vaşinqton şəhərində yaşayan 20 yaşlı moda tələbəsi Poppi İql heç bir sağlamlıq problemi olmadığı halda, itini gəzintidən gətirdikdən sonra evdə qəfil yıxılaraq həyatını itirib. Onun ölüm səbəbi sonradan SADS olaraq müəyyən edilib.

Yenə ötən ay 19 yaşlı atlet Natali Blek şəxsi rekordunu qırdığı üçtəkan yarışından bir neçə saat sonra yuxuda vəfat edib.

Uruqvaylı 27 yaşlı futbolçu Xuan İskyerdo isə ötən ilin avqustunda halı pisləşdikdən sonra xəstəxanada həyatını itirib. Onun ölümünə səbəb olan virus infeksiyasının ürəyə əlavə yük bindirərək aritmiyaya səbəb olduğu açıqlanıb.

"Luton Town" komandasının kapitanı Tom Lokyer isə ötən ilin dekabrında matç zamanı ürək krizi keçirib və ürəyi 2,5 dəqiqəlik dayanmışdı. Onun vəziyyəti "atriyal fibrilasiya" adlı aritmiya forması ilə əlaqələndirilib.

Statistika və araşdırmalar

İsveçdə aparılan araşdırmada, 2000–2010-cu illər arasında 1–36 yaş arası 903 nəfərdə baş verən ani ürək ölümü halları incələnib. Nəticəyə görə, bu ölümlərin 22 faizi SADS ilə əlaqəlidir. Hadisələrin təxminən 64 faizi kişilərdə qeydə alınıb, orta yaş isə cəmi 23 olub.

Ən çox rastlanan əlamətlər çarpıntı, ürəkgetmə, ürəkbulanma, qusma və infeksiyaya bənzər simptomlardır. SADS diaqnozu qoyulan şəxslərin 1-3-i son 6 ayda xəstəxanaya müraciət edib.

SADS və genetik risk

Türkiyəli kardioloq professor Cüneyt Koçaş bildirib ki, SADS-ın ən əsas səbəbi, irsi keçişli ritm pozğunluqlarıdır. Əgər ailədə gənc yaşda qəfil ölüm hadisəsi olubsa, bütün ailə üzvlərinin bu baxımdan müayinə edilməsi vacibdir. Bu xəstəliklərin bəzən heç bir tipik əlaməti olmur, amma bəzi hallarda çarpıntı, bayılma hissi ilə özünü göstərə bilir.

Əgər bu genetik ritm pozğunluğu aşkarlanarsa, dərmanla və ya "ablasiya" və "ürək pili" kimi üsullarla müalicə mümkündür.

Gənc idmançılarda müayinə vacibdir

Göteborq Universitetindən kardioloq Dr. Matilda Frisk Torell vurğulayıb ki, SADS gənc insanlar və idmançılar arasında ani ürək ölümünün ən çox rast gəlinən səbəblərindən biridir. Lakin bu sindrom kifayət qədər araşdırılmayıb. O, ürəkgetmə, krizə bənzər hallar və digər xəbərdaredici simptomların daha dərindən incələnməsinin, risk altındakı gənclərin vaxtında müəyyən edilməsinə kömək edə biləcəyini bildirib.

Ürək-damar ölümlərində artım müşahidə olunur

Son illərin məlumatları göstərir ki, ürək infarktı və insult kimi xəstəliklərdən erkən ölüm halları son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Halbuki əvvəllər siqaret istifadəsinin azalması və tibbi inkişaflar sayəsində bu hallar azalmışdı. Hazırda isə artan piylənmə, yüksək təzyiq və diabet kimi amillərin bu mənzərəyə səbəb olduğu düşünülür.