Testosteron və stress saçda izlər buraxır - Alimlər AŞKARLADI

 22:26 17.04.2025     163

Beynəlxalq elm adamları qrupu bədəndəki hormonal dəyişikliklərin bir neçə həftə saçda "qeyddə" qala biləcəyini aşkar edib. Alimlər müəyyən ediblər ki, testosteronun krem ​​şəklində bir dəfə tətbiqindən sonra hətta yeddi həftədən sonra saçda yüksək səviyyələr aşkar edilə bilər. İştirakçılar laboratoriyada imitasiya edilmiş stresli vəziyyətlə qarşılaşdıqdan sonra stress hormonu olan kortizol üçün də oxşar təsir aşkar edilib.

Redaktor.az xəbər verir ki, tədqiqat "Psychoneuroendocrinology" jurnalında dərc olunub.

Testosteron və kortizol kimi steroid hormonları maddələr mübadiləsinin, reproduktiv funksiyanın və orqanizmin stressə reaksiyasının tənzimlənməsində əsas rol oynayır. Bu maddələr saçda toplana bilir, bu da uzunmüddətli hormonal dəyişiklikləri qiymətləndirmək üçün onları təhlil etməyə imkan verir.

Tədqiqatçılar 18-40 yaş arası 88 sağlam kişidən alınan məlumatları tədqiq ediblər. İştirakçılara ya testosteron, ya da plasebo verilib və sonra əllərini buzlu suya batırmaqdan tutmuş sosial təzyiq və video nəzarəti əhatə edən testlərə qədər stress testlərinə məruz qalıblar.

Yeddi həftədən sonra subyektlər yenidən təcrübənin əvvəlində olduğu kimi başın eyni nahiyəsindən bir saç telini bağışlayıblar. Nümunələrin təhlili müvafiq müdaxilələrə məruz qalan iştirakçılarda testosteron və kortizol səviyyələrində davamlı artım göstərib. Bu nəticələr göstərir ki, hormonal səviyyələrdə hətta qısa müddətli dəyişikliklər də saç analizindən istifadə etməklə aşkar edilə bilər ki, bu da stress diaqnozu və hormonal müdaxilələrin qiymətləndirilməsi üçün bu metodu perspektivli edir.

Turan İSMAYIL