Ayaqlardakı bu əlamət ürək xəstəliyinin ƏLAMƏTİDİR

 03:39 23.04.2025     189

"Ürək-damar xəstəlikləri geniş yayılıb və ölüm səbəbləri arasında ilk sıralarda yer alır. Hipertoniya, koronar arter xəstəliyi və ürək çatışmazlığı bu ölümlərin böyük bir qisminə səbəb olur"

Redaktor.az xəbər verir ki, bu sözləri Mehmet Akif Ersoy Ürək, Damar və Cərrahiyyə Tədris və Araşdırma Xəstəxanasının kardioloqu Prof. Dr. Fatih Uzun 14-20 aprel Ürək Sağlamlığı Həftəsi çərçivəsində deyib.

Prof. Dr. Uzun bildirib ki, ürək-damar sağlamlığı həyat keyfiyyətini birbaşa təsir edir. Onun sözlərinə görə bu xəstəliklər təkcə həyat tərzi ilə deyil, genetik və ətraf mühit amilləri ilə də bağlıdır.

O qeyd edib ki, ürək-damar sistemindəki pozuntular yalnız ürəyə deyil, bədənin bütün orqanlarına zərər verir, çünki qan axını olmadan heç bir toxuma normal fəaliyyət göstərə bilməz.

Prof. Dr. Uzun, ən çox rast gəlinən ürək-damar xəstəliklərini də sadalayıb. Koronar arter xəstəliyi - ürəyə qan axınının zəifləməsi ilə ortaya çıxır və infarkt, aritmiya və qəfil ölümlə nəticələnə bilər.

Hipertoniya - yüksək qan təzyiqi damar divarlarını zədələyərək beyin qanaması və damar partlamasına yol aça bilər. Ürək çatışmazlığı - ürəyin qanı kifayət qədər pompalaya bilməməsidir və nəfəs darlığı, halsızlıq, iştahsızlıqla özünü büruzə verir.

Aritmiyalar - ürək ritminin pozulmasıdır. Ürək qapaq xəstəlikləri - qan axışında geriyə sızma və ya daralma ilə müşahidə edilən problemlərdir. Perifer arter xəstəliyi - xüsusilə ayaq damarlarının tıxanması ilə ortaya çıxır və gediş zamanı ağrı ilə özünü göstərir. Anevrizmalar - damar divarının zəifləməsi nəticəsində yaranan genişlənmələrdir və yırtıldıqda həyati təhlükəyə səbəb ola bilər.

Həkim bu əlamətləri olan şəxslərə təcili həkimə müraciət etməyi tövsiyə edib: "Nəfəs darlığı, bədəndə şişkinlik, döş qəfəsində ağrı varsa, dərhal kardioloqa müraciət edilməlidir. Bəzən ayaqlarda olan ağrı da damar tıxanmasının xəbərçisi ola bilər".

"Sağlam qidalanmaq, idmanla məşğul olmaq, siqaretdən uzaq durmaq, stressi idarə etmək və müntəzəm olaraq sağlamlıq yoxlamasından keçmək ürək-damar xəstəliklərinin qarşısını almağın əsas yollarındandır"./milli.az