Hamiləlik zamanı anemiyanın uşaq üçün təhlükəsi müəyyən EDİLDİ

Erkən hamiləlikdə anemiyadan əziyyət çəkən qadınların anadangəlmə ürək qüsurları olan uşaq dünyaya gətirmə ehtimalı əhəmiyyətli dərəcədə yüksəkdir. Oksford Universitetinin alimləri belə nəticəyə gəliblər.
Redaktor.az xəbər verir ki, tədqiqat "BJOG An International Journal of Obstetrics & Gynecology" (BJOG) jurnalında dərc olunub.
Tədqiqata uşaqlarına anadangəlmə ürək qüsuru diaqnozu qoyulmuş 2776 qadının və belə xəstəlikləri olmayan uşaqları olan 13 000-dən çox qadının tibbi məlumatları daxil edilib. Məlum olub ki, hamiləliyin birinci trimestrində anemiya ürək qüsuru olan uşaq analarının 4,4 faizində, nəzarət qrupunda isə yalnız 2,8 faizində baş verib. Bütün mümkün risk faktorları nəzərə alındıqdan sonra anemiyası olan anaların anadangəlmə ürək qüsuru olan uşaq dünyaya gətirmə ehtimalı 47% daha çox olub.
Oksforddan aparıcı müəllif Dr Dunkan Sparrov, "biz ürək qüsurlarının inkişafına bir çox amillərin təsir etdiyini bilirdik, lakin indi anemiyanın vacib olduğuna dair klinik sübutlarımız var. Bu, bütün dünyada profilaktikaya yanaşma tərzimizi dəyişə bilər" deyib.
Dəmir çatışmazlığı tez-tez anemiyanın əsas səbəbi olduğundan, tədqiqatçılar qarşısının alınmasına daha çox diqqət yetirməyi təklif edirlər - hamiləlikdən əvvəl və hamiləlik dövründə dəmir preparatlarının qəbulu yeni doğulmuş uşaqlarda ağır ürək qüsurları riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Turan İSMAYIL