Ukraynada HİV dərmanları tükənə bilər

 09:39 13.05.2025     86

Ukrayna ABŞ-nin maliyyə dəstəyi ilə təmin olunan HİV müalicə proqramlarının gələcəyi ilə bağlı qeyri-müəyyənlik səbəbindən həyati vacib dərmanların tükənməsi təhlükəsi ilə üzləşib.

Redaktor.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Prezident Donald Trampın administrasiyası dövründə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə maliyyələşdirilən bir çox səhiyyə layihələrinin dayandırılması, Ukraynada Avropanın ən geniş HİV yayılmalarından biri ilə mübarizə aparan hökumət və qeyri-hökumət təşkilatlarını ciddi böhranla üz-üzə qoyub.

Məlumata görə, hazırda ölkədə yalnız noyabr ayına qədər kifayət edəcək dərman ehtiyatı mövcuddur. Ukraynalı səhiyyə işçiləri və beynəlxalq ekspertlər, ölkədə davam edən müharibə fonunda bu dərman çatışmazlığının HİV epidemiyasını daha da genişləndirəcəyindən ehtiyatlanırlar.

ABŞ Dövlət Departamenti “Politico”ya açıqlamasında bildirib ki, HİV/AIDS-lə mübarizə məqsədilə yaradılan və yüz minlərlə insanın həyatını xilas edən PEPFAR proqramı davam etdiriləcək, lakin zamanla onun maliyyəsi azaldılmalıdır.

Eyni zamanda, “Politico” qeyd edir ki, amerikalı milyarder Bill Qeyts USAID-nin zəiflədilməsi ilə bağlı İlon Maska sərt tənqidlər yönəldib. O, Maskı Mozambikdə HİV-in analardan uşaqlara keçməsinin qarşısını almağa yönəlmiş qrantları ləğv etməklə yoxsul ölkələrdəki uşaqlara zərər vurmaqda ittiham edib.

Aytəkin TOFİQQIZI