Alimlər sosial şəbəkələrin uşaqlar üçün təhlükələrini AÇIQLADI

San-Fransisko Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, uşaqlar sosial şəbəkələrdə nə qədər çox vaxt keçirsələr, onlarda depressiya əlamətləri bir o qədər şiddətlənir.
Redaktor.az xəbər verir ki, tədqiqat "JAMA Network Open" jurnalında dərc olunub.
Orta hesabla, üç il ərzində sosial mediadan istifadə edən 9-13 yaş arası uşaqların ekranda vaxt keçirməsi gündə 7 dəqiqədən 73 dəqiqəyə yüksəlib, depressiya əlamətlərinin səviyyəsi isə 35% artıb. Tədqiqata 12000-ə yaxın uşağın məlumatları daxil edilib və hər bir iştirakçıda dəyişiklikləri fərdi şəkildə izləməyə imkan verən mövzudaxili yanaşmadan ilk istifadə edənlərdən biri olub.
Pediatr və layihənin rəhbəri doktor Ceyson Naqata belə izah edib: “Bu araşdırma sosial medianın uşaqlarda depressiyanın inkişafına töhfə verə biləcəyinə dair birbaşa sübutlar təqdim edir".
O, mümkün səbəblər kimi kiberbullinq, yuxu pozğunluğu və rəqəmsal mühitin digər mənfi təsirlərini adlandırıb.
Amerika Pediatriya Akademiyası valideynlərə və uşaqlara sağlam rəqəmsal vərdişlər inkişaf etdirməyə kömək edən bir vasitə olan ailə media planından istifadə etməyi tövsiyə edir.
"Uşağa sadəcə "telefonu kənara qoy" demək işləməyəcək. Onlayn vaxt haqqında açıq və dəstəkləyici söhbətlər etmək və xüsusilə yemək vaxtı və yatmazdan əvvəl ekransız ailə gecələri keçirməklə nümunə göstərmək vacibdir" - Naqata deyib.
Tədqiqatçılar rəqəmsal məkana şüurlu və məsuliyyətli münasibətin uşaqların psixi sağlamlığını və rifahını qorumağın yolu olduğunu vurğulayırlar.
Turan İSMAYIL