“Vitaminlərin çoxluğu infarkt, insult, damar tıxanıqlığı və iflic riskini artırır"

 12:53 05.06.2025     185

Türkiyədə Bütün Əczaçıların İşəgötürənlər İttifaqının (TEİS) sədri Nurtən Saydan qida əlavələri ilə bağlı mühüm açıqlama verib. O bildirib ki, üzərində “dərman deyil” yazılan məhsullar dərman formasındadırsa, qida məhsulu hesab edilməməlidir.

Redaktor.az xəbər verir ki, bu barədə "Hürriyyət" qəzeti məlumat yayıb.

Nurtən Saydan vurğulayıb ki, kapsul və tablet şəklində istehsal olunan məhsullar doza ilə qəbul üçün nəzərdə tutulub və dərman kimi qiymətləndirilməlidir. “Kimyəvi maddələrdən hazırlanmış məhsullar bitki mənşəli dərman kimi təqdim edilə bilməz,” – deyə o qeyd edib.

Hazırda əczanələrdə Səhiyyə Nazirliyinin istehsalı olan vitaminlərin sayı azalıb, bazarda isə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin təsdiq etdiyi 24 mindən çox qida əlavəsi nəzarətsiz dövriyyədədir. Sədr bu vəziyyəti “bazarda çəkilmiş bomba kimi” adlandırıb.

Saydan əlavə edib ki, xüsusilə internet, supermarket və bazarlarda satılan B12, D və C vitaminlərinin normadan artıq qəbulu ciddi sağlamlıq problemlərinə yol aça bilər. “Vitaminlərin çoxluğu infarkt, insult, damar tıxanıqlığı və iflic riskini artırır. Xüsusilə D vitamini zəhərlənməyə, böyrək və ürək çatışmazlığına, hətta ölümlə nəticələnə bilər,” – deyə o, xəbərdarlıq edib.

Xədicə BAXIŞLI