"İki saatdan artıq qalan qidalar belə bəzən ölümə səbəb olur" - Mütəxəssisdən vacib TÖVSİYƏLƏR

 18:13 10.06.2025     185

"Son illərdə qida zəhərlənmələrinin sayı günü-gündən artır. Bir çox hallarda qida zəhərlənməsinin dəqiq olaraq hansı qidadan olduğu da göstərilmir. Xüsusilə bu hallar temperatur yüksəldikcə, isti havalar gəldikcə daha da çoxalır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Naxçıvanda baş verən kütləvi zəhərlənmə ilə bağlı fikirlərini bölüşərkən dedi.

"Ümumiyyətlə, zəhərlənmələrdən qorunmaq üçün yaxşı olar ki, qida qəbul edərkən mənşəyi məlum olan, saxlanma şəraiti və temperaturu uyğun olan, qida qonşuluğu prinsipi pozulmadan saxlanılan qidalara üstünlük verilsin. Bu, həm marketlərə, həm də iaşə obyektlərinə aiddir. Eyni zamanda evdə də bu qaydalara əməl etmək lazımdır. Bişirilmə və bişirilmədən sonra saxlanma qaydalarından çox şey asılıdır.

Qida zəhərlənmələrində daha çox ət və ət məhsulları, xüsusilə balıq və toyuq ətindən hazırlanan qidalar üstünlük təşkil edir. Toyuq ətinin daha yüksək risk qrupuna daxil olması və bir çox hallarda istər restoranlarda, istərsə də küçə yeməklərində, məsələn, dönərlər və bu kimi tez hazırlanan qidalar daha çox zəhərlənməyə səbəb olur", - deyə mütəxəssis bildirdi.

Onun sözlərinə görə, zəhərlənmə hər insanda özünü fərqli büruzə verir:

"İmmun sistemi zəif olan insanlarda daha çox mədədə ağrı, ishal, qusma və bəzən yüksək temperatur, görmə qabiliyyətinin zəifləməsi kimi hallar müşahidə olunur. Hətta bəzən bu hallar daha ağır formada olur və vaxtında müdaxilə olunmasa, ölümlə də nəticələnə bilər. Ancaq yüngül zəhərlənmə və güclü immun sistemi olan insanlar bu mərhələdən daha rahat keçirlər. Mədədə ağırlıq, şişkinlik ola bilər ki, bu da qısa müddətdə keçə bilər. Amma bu, heç də onun tamamilə keçməsi anlamına gəlmir.

Çünki mütəmadi olaraq keyfiyyətsiz məhsul qəbul etdikdə orqanizmdə pozulmalar, xüsusilə bağırsaq mikroflorasının pozulması baş verir və bu, immun sisteminin çökməsinə, xəstəliklərə asanlıqla yoluxma hallarının yaranmasına gətirib çıxarır. Mütləq şəkildə qida qəbul edərkən diqqətli olmalıyıq".

Ekspert qeyd etdi ki, havalar artıq isinməyə başladıqca, yaxşı olar ki, hazırlanan qidalar birdəfəlik istehlak olunacaq qədər bişirilsin.

"Qarışıq yeməklər, məsələn, tərəvəzli, yumurtalı, ətli salatlar birdəfəyə yeyilməlidir. Açıq havada, otaq temperaturunda iki saatdan artıq qalan qidalar belə bəzən ölümə səbəb olur. Eyni zamanda, növbəti günə saxlanılan qidalar da qarışıq qidalar olmamalıdır.

Bir çox hallarda yemək hazırlanarkən, xüsusilə qızartma məhsullarda, həddindən artıq qızardılan zaman doymuş yağlar doymamış yağa çevrilir. Bu da insanın öz əli ilə keyfiyyətli yağları trans yağa çevirməsi deməkdir. Mütəmadi olaraq bu şəkildə qida qəbul edən insanlarda xərçəng yaranma ehtimalı və xroniki xəstəlikləri olanlarda xəstəliklərin kəskinləşməsi halları müşahidə olunur",- deyə Məhsəti Hüseynova vurğuladı.

Xədicə BAXIŞLI