Yayda buna görə zəhərlənirik - AÇIQLAMA 

 18:51 10.06.2025     186

"Yayda diqqət etməli olduğumuz qida növləri var. Birinci növbədə toyuq əti və digər ət məhsullarına özəlliklə diqqət etmək lazımdır, ov quşlarındanda ehtiyyat etmək lazımdır ki, onlarda olan bakteriyalar insan orqanizminə keçə bilir. Buna görə də ətləri yaxşıca bişirmək və mənşəyi bəlli olan yerdən almaq lazımdır".

Bu fikirləri Redaktor.az-a qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova yayda ehtiyyat etməli olduğumuz qidalar haqqında danışarkən bildirdi.

"Tərəvəzlər, meyvələr, göyərtilər təmiz-təmiz yuyulmalıdır və onların mövsümi, yerli olmasına diqqət etməliyik. Xüsusilə mövsümi olanlarda daha az zəhərlənmə halına rast gəlinir. Ancaq mövsümi olmayanlarda istifadə olunan gübrələrdən zəhərlənmə faktları qeydə alına bilər.

Balıqlara diqqət etmək lazımdır. Balıqlar təzə olmalıdır. Balıqlar düzgün şəraitdə saxlanılmayanda, uzun müddət açıq havada, otaq temperaturunda saxlanıldıqda, tərkibində olan bakteriyalar zəhərli maddələrin yaranmasına səbəb ola bilir.

Düyü ən çox zəhərlənmə verən və maddələr mübadiləsinin azalmasına, həzm sisteminin pozulmasına səbəb olan qidalardandır. Mütləq düyünü təzə-təzə yemək lazımdır".

Ekspert vurğuladı ki, düyünü sonrakı günlərə saxlamaq yolverilməzdir.

"Eyni zamanda kolbasa, sosiska məhsulları var ki, bunlar da emal olunmuş ət məhsuludur. Bu məhsullar bir çox fəsadlar törədə bilər. Buna da diqqət etmək lazımdır.

Mayonez və ketçupdan istifadə olunmuş qidalar var ki, bunlardan da mümkün qədər istifadə etməmək lazımdır. Əks halda, mayonez və ketçup soyuq temperaturda saxlanmalı olduğu halda, dönərxanalar və bu kimi yerlərdə açıq şəkildə, isti temperaturda, böyük qablarda günlərlə saxlanılır ki, bu da zəhərlənmələrə səbəb ola bilir",- deyə Məhsəti Hüseynova qeyd etdi.

Xədicə BAXIŞLI