"Bu uşaqlar vaxtında müalicə olunmazsa, ağır fəsadlara səbəb ola bilər" - Pediatrdan valideynlərə ÇAĞIRIŞ

Uşaqlarda əzələ tonusu normal inkişafın vacib göstəricilərindəndir. Tonus pozuntuları, xüsusilə hipotoniyalar, körpəlik dövründə ciddi nevroloji və fiziki problemlərin ilkin əlamətlərindəndir.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında pediatr Xatirə Abdulxalıqova bildirdi ki, uşaqlarda zəif əzələ tonusunun bir çox səbəbləri vardır:
"Zəif əzələ tonusu dedikdə, normal doğulmuş uşaqlarda əzələlərin müəyyən tonuslara və reflekslərə cavab verməsi nəzərdə tutulur. Bu vəziyyət özünü hipotoniya (tonusun aşağı olması) və hipertoniya (tonusun yüksək olması) formasında göstərə bilər. Bu gün biz hipotoniyadan, yəni tez-tez rast gəlinən əzələ zəifliyindən məlumatlı olmalıyıq.
Əzələ tonusunun zəifliyi anadangəlmə və qazanılma faktorlarla bağlı ola bilər. Uşaq doğulan kimi onun əzələ sisteminə qiymət verilməlidir. Belə ki, o, hansı reflekslərə normada cavab verməlidirsə, uşağın vəziyyəti buna əsasən qiymətləndirilir.
Əzələ hipotoniyasının səbəbləri çoxşaxəlidir. Demək olar ki, bu hal müxtəlif vitamin və mineral çatışmazlığından, həmçinin mərkəzi və periferik sinir sisteminin bir sıra xəstəliklərindən əmələ gələ bilər. Yeni doğulmuş uşaqda ətraf əzələləri yığcam formada olmalıdır. Əgər ətraflar yanlara doğru süst dayanırsa, ovuclar açıq vəziyyətdə qalırsa, bu, əzələ hipotoniyasına işarədir. Lakin yeni doğulmuş uşaqlarda bu hal keçici də ola bilər. Valideynlər buna diqqət yetirməlidirlər.
Əzələ hipotoniyasının təkcə nəticəsi yox, səbəbi də araşdırılmalıdır, çünki bu hal digər patologiyalarla yanaşı gedə bilər".
Pediatr vurğuladı ki, analar xüsusilə diqqətli olmalıdırlar ki, uşaqda skelet əzələləri ilə yanaşı mimiki və əmmə əzələlərində də hipotoniyaya rast gələ bilərlər.
"Valideyn uşağın bələyini açan zaman onun ətraflarının süst formada yanlarda qalmasına diqqət etməlidir. Əlləri sıxdıqda ovucların davamlı şəkildə açıq qalması da əzələ hipotoniyasının əlamətidir. Belə uşaqlar kompleks müayinə və müalicə olunmalıdır. Müalicədə fizioterapiyanın əvəzsiz rolu vardır. Bu prosedurlar masaj, müalicəvi bədən tərbiyəsi və müxtəlif dərman preparatları ilə yanaşı şəkildə aparılmalıdır. Əgər bu uşaqlar vaxtında müalicə olunmazsa, bu, ağır fəsadlara səbəb ola bilər.
Başlıca problemlər arasında nitq gecikməsi, dayaq-hərəkət sistemində zəiflik, gəzmədə gecikmə və əgər skelet əzələləri təsirlənmişsə, skelet əzələlərinin patologiyası qeyd oluna bilər. Buna görə də vaxtında səbəbləri aşkar etmək və kompleks müalicə tədbirlərindən istifadə etmək çox vacibdir",- deyə Xatirə Abdulxalıqova bildirdi.
Xədicə BAXIŞLI