"Əgər bir insan tez-tez əsəbiləşirsə, bu, artıq siqnal kimi qəbul olunmalıdır" - Psixoloq

 16:44 19.06.2025     147

Azərbaycanda 296225 nəfərin əsəb sistemi və hissiyat problemindən əziyyət çəkdiyi məlum olub.

Bəs bu xəstəliklərin əsas yaranma səbəbləri nələrdir? Belə olduqda hansı nüanslara diqqət etmək lazımdır?

Psixoloq Zeynəb Əyyubova Redaktor.az-a açıqlamasında bildirdi ki, görünən göstərici təkcə rəqəm olaraq yox, həm də cəmiyyətin psixoloji sağlamlığı baxımından dərin narahatlıq doğurur. Onun sözlərinə görə, əsəb və hissiyat pozuntularının yaranmasına bir sıra amillər səbəb olur:

"Bunlara genetik meyillilik, uşaqlıq travmaları, xroniki stress, ailədaxili və sosial münasibət problemləri, iqtisadi çətinliklər, işsizlik, müharibə və köç kimi travmatik təcrübələr daxildir. Eyni zamanda, sosial mediada davamlı müqayisə, informasiya yüklənməsi və yuxu rejiminin pozulması da bu cür pozuntulara zəmin yarada bilər".

Psixoloqun fikrincə, insanlar psixoloji sağlamlığın da fiziki sağlamlıq qədər önəmli olduğunu qəbul etməlidirlər.

"Duyğularını ifadə etməyi öyrənmək, özlərinə psixoloji "pauzalar" vermək, ehtiyac olduqda mütəxəssisə müraciət etmək çox vacibdir. Streslə mübarizə bacarıqları, məsələn, nəfəs məşqləri, meditasiya, idman, sağlam ünsiyyət və vaxtında istirahət insanın psixoloji dayanıqlığını artırır.
Əgər bir insan tez-tez əsəbiləşirsə, diqqətini toplamaqda çətinlik çəkirsə, yuxu pozğunluqları yaşayırsa, daim gərgin və səbəbsiz ağrılardan əziyyət çəkirsə, bu, artıq siqnal kimi qəbul olunmalıdır. Mütəxəssisə müraciət etməyə utanmaq və ya qorxmaq düzgün deyil. Psixoloji yardım həyat keyfiyyətini yüksəldir, insanın həm özünə, həm də ətrafına münasibətini dəyişir. Gəlin unutmayaq ki, sağlam cəmiyyət sağlam fərdlərlə qurulur", - deyə Z.Əyyubova vurğuladı.

Aytəkin TOFİQQIZI