İdmanın gizli gücü TAPILDI

 19:23 20.06.2025     63

Cənubi Koreyada alimlər ilk dəfə olaraq fiziki məşqlərin orqanizmə müsbət təsirini təmin edən əsas zülalı müəyyən ediblər.

Redaktor.az bu barədə Nature Communications (NatCom) jurnalına istinadən xəbər verir.

Tədqiqat Koreya Bioloji Elmlər və Biotexnologiyalar İnstitutu ilə Çonnam Milli Universitetinin alimləri tərəfindən aparılıb. Onların kəşfinə əsasən, CLCF1 adlı sitokin faktoru fiziki fəaliyyət zamanı əzələlər tərəfindən ifraz olunur və həm əzələlərin, həm də sümüklərin möhkəmlənməsində əsas rol oynayır.

Alimlərin sözlərinə görə, gənc insanlarda CLCF1 zülalının səviyyəsi artıq bir məşqdən sonra əhəmiyyətli dərəcədə artır. Yaşlı iştirakçılarda isə bu təsir yalnız 12 həftəlik davamlı idmandan sonra müşahidə olunub. Siçanlar üzərində aparılan təcrübələr də təsdiqləyib ki, yaşlı siçanlara CLCF1 verildikdə onların əzələ gücü və sümük sıxlığı yaxşılaşır, lakin bu zülalın bloklanması məşqlərin faydasını azaldır.

Tədqiqatın rəhbəri, doktor Yon Rul Yan bildirib ki, CLCF1 zülalı əzələ hüceyrələrində mitoxondriyaların fəaliyyətini gücləndirir, sümük toxumasının dağılmasını ləngidir və yenisinin böyüməsini stimullaşdırır. Bu da izah edir ki, yaş artdıqca idmanın effektinin azalması nəyə görə baş verir.

Bu kəşf, xüsusilə osteoporoz və sarkopeniya kimi yaşla bağlı xəstəliklərin müalicəsi üçün yeni üsulların hazırlanmasında böyük perspektivlər açır.

Xədicə BAXIŞLI