Breket taxanlara qidalanma ilə bağlı xəbərdarlıq

 02:59 24.06.2025     83

Diş breketləri ilə aparılan müalicənin  uğurlu nəticə verməsi üçün xüsusi qidalanma rejiminə ciddi əməl etmək vacibdir. Bəzi qidalar breket sisteminə zərər verə və ya onun işini çətinləşdirə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə gazeta.ru-ya danışan stomatoloq-cərrah, implantoloq  Aram Davidyan bildirib.

Onun sözlərinə görə, ilk növbədə sərt və dişləyərkən çətinlik yarada biləcək qidalardan uzaq durmaq lazımdır. Belə məhsullar breketlərin hissələrinin qopmasına səbəb ola bilər. Əvəzində püre, şorbalar, yoqurt və bişmiş tərəvəzlər kimi yumşaq qidalar tövsiyə olunur.

“Qidanı dişlərin ön hissəsinə salmaqdan çəkinmək, onu daha arxa dişlərlə çeynəməyə çalışmaq lazımdır. Sərt yeməklər xırda doğranmalı və çox ehtiyatla yeyilməlidir. Rasiondan sərt ətlər, suxarı, çörəyin qabığı, bərk meyvə və tərəvəzlər, həmçinin istənilən növ qoz-fındıq çıxarılmalıdır. Çünki breket taxıldıqdan sonra dişlər daha həssas olur və bu da əlavə diskomfort yarada bilər”, – deyə həkim izah edib.

Ləpə və yapışqanlı qidalar da breketlər üçün təhlükəlidir. Karamel, saqqız, nuga, iriska və pastila kimi məhsullar aparatın hissələrinə yapışaraq zədələnmələrə yol aça bilər.

Davidyan həmçinin bildirib ki, tum və toxumlar tez-tez breketlərə ilişib qalır. Bu səbəbdən küncüt, xaşxaşlı bişmələr və bəzi dənli bitkilər də menyudan çıxarılmalıdır. Onların yalnız üyüdülüb istehlak edilməsi məsləhətdir.

“Sürətli kariesin qarşısını almaq üçün şirniyyat, desertlər və qazlı içkilərdən imtina edilməlidir. Belə məhsulların tərkibindəki yüksək şəkər miqdarı dişlər üçün təhlükə yaradır. Breket taxan insanlar mümkün qədər az şəkər qəbul etməlidirlər ki, müalicə uğurla başa çatsın və əlavə stomatoloji problemlər yaranmasın”, – deyə həkim qeyd edib.

Breket taxanlar üçün qida məhsullarının temperaturu da mühüm rol oynayır. Soyuq qidalar – məsələn, dondurma, yoqurt və smuzi – dişlərin həssaslığını artıra bilər. Çox isti yeməklər isə aparatın yapışqan hissələrinə mənfi təsir göstərə bilər. Odur ki, ən uyğun variant ilıq qidalardır.

“Əgər breket taxmısınızsa, həm qidanın tərkibinə, həm də onun temperaturuna diqqət yetirin. Bu, həm rahatlığınız, həm də müalicənin keyfiyyəti üçün vacibdir”, – deyə həkim yekunlaşdırıb.

Xədicə BAXIŞLI