Balın müalicəvi xüsusiyyətləri var

Bal qızdırıldıqdan və uzun müddət saxlandıqdan sonra belə müalicəvi xüsusiyyətlərini saxlayır.
Redaktor.az xəbər verir ki, bu barədə “Applied and Environmental Microbiology” (AEM) jurnalında araşdırma dərc olunub.
Araşdırmada bildirilir ki, antibakterial fəaliyyəti əsasən hidrogen peroksidə əsaslanan Avropa balından fərqli olaraq, Avstraliya balında həm hidrogen peroksid, həm də sabit təsir göstərən qeyri-peroksid komponentlər mövcuddur. Məhz bu komponentlər balın mikroorqanizmlərə qarşı davamlı təsirini təmin edir. Bu sabitlik və çox yönlülük Avstraliya balını antibiotiklərə qarşı müqavimət probleminə qarşı perspektivli vasitəyə çevirir.
Tədqiqatçılar vurğulayırlar ki, müxtəlif arı növlərindən və regionlardan toplanan bütün nümunələrdə antibakterial aktivlik eyni səviyyədə qorunur. Bu isə kommersiya məqsədli istifadəyə geniş imkanlar açır. Bununla belə, arıların hər pətəkdə ildə cəmi yarım litr bal istehsal etməsi miqyasın artırılmasına müəyyən çətinliklər yaradır. Amma pətəklərin daha az qulluq tələb etməsi bu maneəni qismən kompensasiya edə bilər.
Xədicə BAXIŞLI