Kofe sağlam qidalanmanı pozur?

Bitki mənşəli məhsullardakı dəmir, əgər onlar kofe ilə birlikdə qəbul olunarsa, orqanizm tərəfindən daha pis mənimsənilir.
Redaktor.az xəbər verir ki, bu barədə dietoloq Paula Martin "El Espanol" nəşrinə verdiyi müsahibədə danışıb.
Martin xatırladıb ki, dəmir çatışmazlığı özünü yorğunluq, diqqət dağınıqlığı və fiziki iş qabiliyyətinin zəifləməsi ilə göstərə bilər.
“Dəmir orqanizmdə oksigenin daşınmasında mühüm rol oynayır. Ona görə də onun çatışmazlığı anemiyaya səbəb ola bilər,” - deyə mütəxəssis izah edib.
Onun sözlərinə görə, dəmir qaraciyərdə, qırmızı ət, balıq, paxlalılar, tofu, ispanaq, qoz-fındıq, toxumlar və tam taxıllı məhsullarda olur. Həkim qeyd edib ki, heyvani mənşəli qidalardakı dəmiri orqanizm kofein olsa belə, demək olar ki, tam mənimsəyə bilir. Bitki mənşəli dəmir isə əksinə, daha yaxşı mənimsənilməsi üçün “yardımçı” qida komponentlərinə ehtiyac duyur.
“Bitki mənşəli məhsulları C vitamini ilə zəngin qidalarla birlikdə qəbul etmək lazımdır -məsələn, portağal, kivi və ya çiyələk,” - deyə Martin bildirib.
Onun sözlərinə görə, qidalanmada bu cür sadə dəyişikliklər əlavə üstünlüklər də verir. Xüsusilə, ürək və beyin üçün vacib olan omega-3 yağ turşularının mənimsənilməsi də yaxşılaşır.
Xədicə BAXIŞLI