Günəş yanığından sonra dəriyə necə qulluq etməli?

 11:21 30.06.2025     141

Günəşdə qalmaqdan sonra yaranan qızartı, yanma və qabıqlanma bu, hüceyrələrin zədələnməsi nəticəsində yaranan dəri iltihabıdır.

Redaktor.az xəbər  verir ki, bu barədə dermatoloq Anna Matveyeva jurnalistlərə açıqlamasında dərinin bərpasına həqiqətən kömək edən vasitələri və hansılardan uzaq durmağın daha yaxşı olduğunu açıqlayıb

Günəş yanığı - ultrabənövşəyi şüaların təsiri ilə dəri hüceyrələrinin DNT-sinin zədələnməsidir. Nəticədə iltihab prosesi başlayır: kapilyarlar genişlənir, qan axını artır. Dəridə qızartı yaranır, dəri isti olur, yanma və sinirlərin qıcıqlanmasına görə ağrı baş verir. Bir neçə gündən sonra qabıqlanma başlayır — orqanizm zədələnmiş hüceyrələri atır. Bu, sağalma prosesinin təbii hissəsidir.

“Yüngül yanıq hallarında dekspantenol tərkibli vasitələrdən istifadə olunur - onlar sağalmanı sürətləndirir və dəri baryerini bərpa edir. Aloe vera və ya çobanyastığı tərkibli gellər soyuducu təsir göstərir. Qaşınma və ödem olduqda, zəif təsirli steroidlər məsələn, 1%-lik hidrokortizonun qısa kurs şəklində istifadəsi mümkündür. Ağrı əleyhinə isə lidokain və ya benzokain tərkibli preparatlardan istifadə olunur  lakin yalnız təlimata uyğun və məhdud sahədə. Kalamin losyonundan da istifadə etmək olar”, – deyə o izah edib.

Hər bir vasitə konkret problemi həll edir: nəmləndirmə, iltihabın azaldılması, ağrının yüngülləşdirilməsi. Adətən onlar birləşdirilərək istifadə olunur: əvvəlcə dəri soyudulur, sonra isə iltihab əleyhinə və ya ağrıkəsici vasitə tətbiq olunur. Xarici analgetiklərin istifadəsi məhdud olmalıdır  tez-tez istifadə olunduqda qıcıqlanma və allergik reaksiya baş verə bilər.

“Həmçinin, çoxlu maye qəbul etmək vacibdir bu, bədənin maye itkisini kompensasiya edir və dəri regenerasiyasını daxildən dəstəkləyir. Hər soyutmadan sonra dəri nəmləndirilməlidir  gündə azı 3–4 dəfə və hər dəfə dəri quruduqda. Aptek gelləri  pantenol, qliserin, aloe tərkibli olanlar uyğun gəlir”, – həkim vurğulayıb.

Yağlı kremlər, bitki yağları, süd məhsulları, bal və spirt təhlükəlidir. Onlar dərinin soyumasına mane ola bilər, bakteriyalar üçün əlverişli mühit yaradır və iltihabı artırır. Buzu birbaşa dəriyə qoymaq olmaz  bu, dərini zədələyə bilər. Soyulan dərini qoparmaq da düzgün deyil: bu, piqment ləkələrinin və çapıqların yaranması riskini artırır.

“Aloe vera geli I dərəcəli yanıq zamanı faydalı ola bilər o, müvəqqəti soyutma və az miqdarda iltihabın azalmasını təmin edir. Lakin sağalmanı sürətləndirmir. O, yalnız sağlam dəriyə tətbiq edilməlidir. Ev şəraitində hazırlanmış aloe şirəsindən istifadə tövsiyə olunmur  çirklənmə riski var”, – deyə ekspert əlavə edib.

Zədələnmiş dəri günəşdən qorunmalıdır  onu paltarlarla örtmək və ya SPF qoruyucu vasitələrdən istifadə etmək lazımdır. Nəmləndirməyə tam sağalana qədər davam edilməlidir. Vasitələr nazik qatla və hər soyutmadan sonra çəkilməlidir. Zərurət olduqda, antioksidant tərkibli preparatlar istifadə edilə bilər. Qulluq vaxtında başlanarsa, dəridə iz qalmır.

“İnfeksiyanın qarşısını almaq, dərini zədələməmək və ona müntəzəm, incə qulluq göstərmək vacibdir  bu, fəsadların qarşısını alır və sağalmanı sürətləndirir. Əgər yanıq geniş sahəni əhatə edirsə, üzdə, əllərdə, cinsiyyət orqanlarında qabarcıqlar yaranıbsa mütləq həkimə müraciət etmək lazımdır. İnfeksiya əlamətləri irin, qabıq, artan qızartı və şişkinlik də həkimə müraciət üçün səbəbdir. Həmçinin yüksək hərarət, ürəkbulanma, halsızlıq və şüur bulanıqlığı varsa, bu da təcili tibbi yardım tələb edir. Uşaqlarda isə, az da olsa, hər hansı yanıq fəsadlara səbəb ola bilər”, – deyə həkim yekunlaşdırıb.

Xədicə BAXIŞLI