Bu virus ciddi təhlükə yarada bilər

 15:11 30.06.2025     84

Amerikalı alimlər – Pitsburq Universitetinin Tibb Məktəbi və La Hoya İmmunologiya İnstitutundan olan tədqiqatçılar  insan damar hüceyrələrinə sitomeqalovirusun (CMV) necə daxil olduğunu izah edən yeni bir mexanizm aşkar ediblər. Bu kəşf, uşaqlarda anadangəlmə qüsurların əsas yoluxucu səbəbi olan virusa qarşı dərman hazırlanmasında mühüm rol oynaya bilər.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri Nature Microbiology jurnalında dərc olunub.

CMV - herpes viruslarının bir növüdür və dünyada əksər yetkin insanlara yoluxub. Adətən bu virus simptom göstərmədən keçir, lakin əgər hamiləlik zamanı qadın bu virusa yoluxarsa, döl üçün ciddi təhlükə yarada bilər , anadangəlmə eşitmə qüsurları, əqli gerilik və digər patologiyalar ortaya çıxa bilər. Eyni zamanda, CMV immun sistemi zəif olan insanlar – məsələn, orqan köçürülməsi keçirmiş şəxslər üçün də təhlükəlidir.

Alimlər müəyyən ediblər ki, virus yalnız daha əvvəl məlum olan gH zülalı vasitəsilə deyil, həm də xüsusi bir “açar” – gH-UL116-UL141 zülal kompleksindən istifadə edərək damar hüceyrələrinə daxil olur və eyni zamanda immun sistemindən gizlənir. Bu kompleksə GATE (yəni “qapı”) adı verilib. Bu mexanizm əvvəllər aşkarlanmadığı üçün, CMV-yə qarşı vaksin yaratmaq cəhdlərinin niyə uğursuz olduğunu da izah edə bilər.

“Təsəvvür edin ki, düşmənin hansı silahdan istifadə etdiyini bilmirik – bu halda ondan müdafiə olunmaq çətindir”, – deyə tədqiqat rəhbərlərindən biri, Pitsburq Universitetindən professor Ceremi Kamil bildirib.

GATE kompleksi yalnız CMV-yə qarşı deyil, həm də Epşteyn-Barr virusu və suçiçəyi virusu kimi digər viruslara qarşı da vaksin və dərmanların hazırlanmasında yeni imkanlar aça bilər. Bu viruslar da hüceyrələri yoluxdurmaq üçün oxşar mexanizmlərdən istifadə edə bilərlər.

“Ümid edirik ki, GATE kompleksini bloklamağa yönəlmiş strategiyalar nəhayət ki, CMV-yə qalib gəlməyə və uşaqları bu təhlükəli infeksiyanın ağır nəticələrindən qorumağa kömək edəcək”, – deyə tədqiqatın həmmüəllifi, La Hoya İmmunologiya İnstitutundan Kris Benedikt vurğulayıb.

Xədicə BAXIŞLI